Newscenter.az.29.03.2022. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət nəticəsində ölkəmizin uğurları artıqca, yeni-yeni qələbələr qazandıqca, bu uğurları və qələbələri gözü götürməyənlərin, həzm edə bilməyənlərin iç üzü daha da açılır. Milli Şura və Əli Kərimli adına baş verən son biabırçı hadisə də bu deyilənlərə bariz sübutdur.
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, hanısısa təxribat xarakterli guya “Azərbaycan ordusu öz mövqelərindən geri çəkilib” kimi yalan informasiyalar əsasında, sevincək halda status yazan Əli Kərimlinin sevinci ürəyində qalıb: “Əslində bu status bir daha Əli Kərimlinin anti-Azərbaycan mövqeyinin, Azərbaycanın uğurlarını həzm edə bilmədiyinin, dövlətçiliyimizə və xalqımıza qənim kəsildiyinin göstəricisidir”.
Fərrux kəndində şanlı bayrağımızın dalğalanması ilə bağlı yayılmış rəsmi xəbərdən sonra gözlənilən o idi ki, Əli Kərimli yazdığı statusu silərək, xalqdan üzr istəsin. Lakin Əli Kərimli nankor və anti-Azərbaycan xislətini bir daha ortaya qoyaraq, utanmadan nə statusu sildi nə də Azərbaycan xalqından üzr istədi – deyən Sədaqət Vəliyeva əlavə edib ki, xəyanəti və rəzilliyi özünə həyat yolu seçən Əli Kərimlidən başqa nəsə gözləmək də olmazdı. Bütün siyasi karyerası biabırçılıq üstündə qurulan Əli Kərimlinin artıq xalq içində də heç bir hörməti qalmayıb. Yaxşı olardı ki, Əli Kərimli Azərbaycanın uğurlarına kölgə salmaq, hansısa dairələrin əlində oyuncaq olmaq, ölkəmizdə sabitliyi pozmağa çalışmaq əvəzinə bir dəfəlik siyasəti tərk etsin:
“Əli Kərimli və bütün anti-Azərbaycan qüvvələri bilməlidir ki, ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi mövcuddur. Bu birlik günü-gündən daha da möhkəmlənir. Azərbaycan xalqı öz Prezidentini sevir və onun ətrafında sıx birləşib. Ölkəmizi qələbələrə aparan xalq-iqtidar birliyi xoşbəxt gələcəyimizin qarantıdır. Yaşasın xalq-iqtidar birliyi”.
Ruhiyyə