Newscenter.az.29.03.2022. "Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Azərsu” ASC, Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respubilka Komitəsi və “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin tərəfdaşlığı ilə “Sudan səmərəli istifadənin metodları” layihəsinin icrasına başlanıb.
Newscenter.az-a Səhmdar Cəmiyyətdən bildirilib ki, layihənin açılış mərasimində “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun metodisti Pərvanə Xıdırova bildirib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsinin nəticələrinə əsasən, “Sudan İstifadə sahəsində Mütəxəssislər” İctimai Birliyinin “Sudan səmərəli istifadənin metodları” layihəsi də qalib seçilib.
Layihənin məqsədi gənclərə sudan səmərəli istifadə metodlarını aşılamaq, onların su haqqında elmi biliklərinin artırılmasına töhfə vermək, könüllülərin fəaliyyətinə dəstək göstərmək, eyni zamanda, cəmiyyətin diqqətini bu sahəyə yönəltməkdən ibarətdir. Bu məqsədlə bir sıra ali təhsil müəssisələrinin tələbələri layihəyə cəlb edilib. Layihə çərçivəsində tələbələr üçün su ehtiyatlarinin davamlı idarə olunmasi və səmərəli istifadəsi, tullantı sularının emalı mövzularında təlimlər keçiriləcək.
“Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktoru Vüqar Mirzəyev, “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı və “Sudan İstifadə sahəsində Mütəxəssislər” İctimai Birliyinin icraçı direktoru Rəşail İsmayılov dünyada aktual olan su problemlərindən danışıb, sudan səmərəli istifadənin zəruriliyini diqqətə çatdırıblar.
Sonra “Azərsu” ASC-nin Coğrafi informasiya sistemləri şöbəsinin rəisi Abbas Abbaszadə “Su təsərrüfatının müasir CİS texnologiyalarla idarə olunması”, “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun böyük elmi işçisi Məmməd Hüseynzadə “Su təchizatı və tullantı sularının kənarlaşdırılması sistemləri” mövzusunda təlimlər keçiblər.
Daha sonra su mövzusunda çəkilmiş “25 litr” adlı sənədli film nümayiş etdirilib və filmlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Layihə müddətində tələbələrin “Azərsu” ASC-nin Təlim və İnnovasiyalar Mərkəzi, “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu, Mərkəzi Laboratoriya, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə ekskursiyaları təşkil olunacaq.
Sevinc