Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tvinninq layihəsinin yekun konfransı keçirilib

Tvinninq layihəsinin yekun konfransı keçirilib


Newscenter.az.29.03.2022. Martın 29-da “Ümumi Tranzit Proseduru Konvensiyası, Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi Konvensiyası və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (YKTS) qoşulmaq prosesində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə Dəstək” tvinninq layihəsinin yekun konfransı keçirilib.

Newscenter.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev tədbirdə çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tranzit və logistika imkanlarının genişləndirilməsi, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi istiqamətində mühüm addımların atıldığını, bütün sahələrdə olduğu kimi, gömrük sistemində də reallaşdırılan islahatların qarşıya qoyulan məqsədlərin uğurla icrasına töhfə verdiyini bildirib.

Qeyd olunub ki, beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşən ölkəmizin tranzit potensialının artırılması iqtisadi inkişafın prioritetlərindəndir və tvinninq layihəsi bu sahədə mühüm töhfə hesab oluna bilər. Komitə sədri vurğulayb ki, layihənin uğurla icrası gömrük sahəsində mövcud milli qanunvericiliyin daha da təkmilləşdirilməsinə, gömrük əməliyyatlarının sadələşdirilməsinə, sərhədkeçmə proseslərinin sürətləndirilməsinə, ölkəmizin ixrac potensialının artırılmasına təkan verəcək.

Səfər Mehdiyev Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə üzvlük istiqamətində bütün zəruri addımların atıldığını vurğulayıb və bildirib ki, prosesin uğurla yekunlaşması, eyni zamanda Azərbaycanda istehsal edilən malların Avropa bazarına sürətli və maneəsiz şəkildə çıxarılmasına şərait yaradacaq. Komitə sədri tvinninq layihəsinin icrasında göstərdikləri dəstəyə görə Avropa İttifaqı və İtaliya Gömrük, Aksiz və İnhisar Agentliyinə təşəkkürünü bildirib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko bildirib ki, Aİ Asiya ilə Avropa arasında yerləşən, Şərqlə Qərbi birləşdirən Azərbaycanla nəqliyyat və logistika sahəsində əlaqələrin qurulmasında maraqlıdır. Səfir diqqətə çatdırıb ki, daşımaların Azərbaycan üzərindən həyata keçirilməsi vaxt, məsafə, vəsaitə qənaət və təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır.

Son illər Azərbaycanda gömrük sahəsində mühüm irəliləyiş əldə olunduğunu vurğulayan Peter Mixalko xüsusilə şəffaflığın təmin edilməsindən məmnunluqla bəhs edib. Bildirilib ki, Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə qoşulma həm Azərbaycan, həm də qonşu ölkələrlə Aİ arasında malların və xidmətlərin tranziti baxımından böyük imkanlar yaradacaq. Səfir onu da qeyd edib ki, tvinninq layihəsi Azərbaycan gömrük orqanlarının potensialının inkişafına və Aİ ilə ticarət əlaqələrinin gücləndirilməsi fonunda iqtisadiyyatın rəqabət qabiliyyətinin artmasına təkan verəcək.

İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri isə Azərbaycanla İtaliya arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərdən məmnunluqla bəhs edib, eləcə də tvinninq layihəsinin gömrük sahəsində əlaqələrin daha da gücləndirilməsinə şərait yaradacağını vurğulayıb. Diqqətə çatdırılıb ki, tvinninq layihəsi çərçivəsində nəzərdə tutulan konvensiyalara üzvlük böyük imkanlar yaratmaqla, xüsusilə beynəlxalq tranzitin həyata keçirilməsində Azərbaycanın mövqelərini daha da möhkəmləndirəcək.

Sonra İtaliya Gömrük, Aksiz və İnhisar Agentliyinin direktoru Marsello Minenna çıxış edərək təmsil etdiyi qurumla Dövlət Gömrük Komitəsi arasında işgüzar əlaqələrdən bəhs edib, tvinninq layihəsinin icrası prosesində işgüzar münasibətlərin, qarşılıqlı təcrübə mübadiləsinin daha da dərinləşdirildiyini diqqətə çatdırıb.

Daha sonra benefisiar ölkənin layihə rəhbəri qismində Dövlət Gömrük Komitəsi Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi Fərid Əliyev, İtaliya Gömrük, Aksiz və İnhisar Agentliyinin nümayındələri Giovanni Piccirillo və Antonio Lo Parco çıxış edərək layihənin icrası, əldə edilən nəticələr barədə məlumat veriblər. İtaliyalı mütəxəssislər COVID-19 pandemiyasının yaratdığı çətnliklərə baxmayaraq tvinninq layihəsinin uğurla icrasında Azərbaycan gömrükçülərinin fəaliyyətini yüksək qiymətləndiriblər.

Xatırladaq ki, Avropa İttifaqının maliyyə, İtaliya Gömrük, Aksiz və İnhisar Agentliyinin ekspert dəstəyi ilə 2020-ci ilin iyun ayından həyata keçirilən layihənin məqsədi Azərbaycanın Avropa İttifaqı gömrük sistemləri ilə əlaqəsinin və tərəflər arasında ticarətin asanlaşdırılmasını təmin etmək, ölkəmizin Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə qoşulması üçün hüquqi, texniki və prosedur imkanlarının uyğunlaşdırılması məqsədilə Dövlət Gömrük Komitəsinə dəstək verməkdir.

Sevinc
Xəbəri paylaş