Newscenter.az.30.03.2022. Bəşər tarixinin ən dəhşətli və qanlı faciələrdən biri olan 31 Mart soyqırımı erməni qəddarlığının növbəti bariz nümunəsidir. 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırım nəticəsində 30 mindən çox azərbaycanlı qətlə yetirmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuş, bir çox yaşayış məntəqələri dağıdılmış, tarixi-mədəni abidələr, məscid və qəbiristanlıqlar viran olunmuşdur. Üç gün davam edən, dinc əhaliyə qarşı törədilmiş 31 Mart soyqırımı bəşəri dəyərlərə, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir.
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, 31 Mart soyqırımının araşdırılması və soyqırım həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır:
“Eyni zamanda Ulu Öndər Heydər Əliyev tərəfindən 1998-ci il martın 26-da imzalanmış "Azərbaycanlıların soyqırımı haqqında" Fərmana əsasən, 1918-ci il martın 31-i "Azərbaycanlıların soyqırımı günü" elan edilmişdir. Bu Fərman 31 Mart soyqırımı ilə bağlı tədqiqatların aparılmasında və həqiqətlərin üzə çıxarılmasında böyük rol oynamışdır. Həmin Fərmandan sonra 31 Mart soyqırımının tədqiqi və öyrənilməsi istiqamətində bir sıra mühüm işlər həyata keçirilmiş, əsərlər yazılmış və həmin əsərlər bir çox xarici dillərə tərcümə olunmuş, dünyanın tanınmış KİV-lərdə dərc edilmişdir”.
31 Mart Soyqrımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və Erməni faşizminin ifşası istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə bir sıra sərəncamlar imzalanmış, silsilə tədbirlər həyata keçirilmişdir – deyən Sədaqət Vəliyeva əlavə edib ki, 31 Mart soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkə başçısı, cənab Prezident İlham Əliyev tərəfindən 30 dekabr 2009-cu il tarixində imzalanmış Sərəncama əsasən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” -nin yaradılması ilə bağlı qərar qəbul edilmişdir. 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş Memorial kompleks 2013-cü ilin sentyabr ayının 18-də açılmışdır. Bundan başqa Erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı xüsusi qəddarlıqla törətmiş olduğu bəşəri cinayətlər barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə daha dolğun çatdırılması məqsədilə cənab Prezident İlham Əliyev tərəfindən 2018-ci il yanvar ayının 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalanmışdır:
“Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanaraq bütün şəhidlərimizin, günahsız vətəndaşlarımızın və soyqırım qurbanlarının qisasını almış oldu və Azərbaycan xalqı 31 Mart soyqırımını qürurlu xalq kimi yad edir”.
Ruhiyyə