Newscenter.az.30.03.2022. Ermənistan uzun illərdir xarici maliyyə yardımları, ianələr hesabına yaşayır və bunun təşkilində xaricdəki erməni lobbisi, ermənipərəst dairələr mühüm rol oynayır. İrəvana ianə və yardımlar azalanda ilk növbədə lobbi hay-küy salır.
Son illər Ermənistan hakimiyyəti qeyri-müəyyən davranışı ilə havadarlarını da məyus edir. Bu, ona edilən yardımlara da təsirsiz ötüşmür. Bunun nəticəsidir ki, ABŞ-ın Ermənistana ayırdığı maliyyə yardımı azalır.
Hələ ötən il ABŞ Nümayəndələr Palatasının Demokratlar və Respublikaçılar partiyalarından olan 65-dən çox üzvü “Erməni qrupu”nun 2022-ci maliyyə ilində rəsmi Vaşinqtonun Azərbaycan və Ermənistana yardım ayrması ilə bağlı konqresə müraciətinə qoşulmuşdu. Onlar Azərbaycanın Qarabağ bölgəsində adi silahların məhv edilməsi proqarmı üzrə 2 milyon dollar, Ermənistana isə iqtisadiyyat, idarəetmə, qanunun aliliyi, təhlükəsizlik sahələrinə 100 milyon dollar ayırılımasını təklif edirdilər. Həmin sənədi Konqresin Nümayəndələr Palatasının tanınmış ermənipərəst üzvləri Frenk Pallone, Ceki Speyer və Adam Şiff də imzalamışdı.
Onlar göstərilən maliyyə yardımını almaq üçün koronavirus pandemiyasına qarşı mübarizəni, vətəndaş cəmiyyətinin sabitləşdirilməsini, “Qarabağda humanitar böhranın aradan qaldırılması” kimi məsələləri səbəb olaraq göstərmişdilər.
Ancaq onların bu təklifi qəbul olunmamışdı. Erməni lobbisinin istəkləri qarşılığında Ağ ev 2022-ci il üzrə Ermənistana 45 milyon dollar ayırdı.
ABŞ Prezidenti Cozef Bayden Adminstrasiyası 2023-cü ilin dövlət büdcəsində Ermənistana xarici yardım xətti ilə 24 milyon dollar ayırmağı təklif edib. Başqa sözlə Bayden Administrasiyası 2023-cü il üçün Ermənistana 23 milyon 405 min dollar xarici yardım nəzərdə tutub ki, bunun da 600 min dolları hərbi yardım, 6 milyon 50 min dolları isə bu ölkənin səhiyyə orqanları və narkotiklərə qarşı mübarizə üçündür.
Bu il üçün Qarabağ ərazisinin minalardan təmizlənməsi 2 milyon dollar ayrılsa da, gələn il üçün bu istiqamətdə yardım ediləcəyi göstərilməyib.
Göründüyü kimi, ABŞ-ın Ermənistana ayrılaraq təsdiqlənən yardımı 21 milyon dollar azaldılır. Erməni lobbisi münaqişə dövründə hər il Qarabağdakı erməni icmasına kömək adı altında separatçılara ABŞ-dan əlavə yardım alırdı. 2023-cü ilin dövlət büdcəsində bu, nəzərdə tutulmayıb.
Amerika Erməni Milli Komitəsi (ANCA) Ağ evin bu addımından çox məyus olub. Həm onların ötən il istədikləri 100 milyon dollardan artıq yardım təklifləri bu il qəbul edilməyib, həm də gələn il üçün nəzərdə tutulan dövlət büdcəsindən yardım da azaldılır.
Bundan başqa, Prezident Baydenin 2023-cü maliyyə ili üçün Azərbaycana 9,7 milyon dollara yaxın yardım ayırmaq istəməsinə də erməni lobbisi narazılıq edib. Yeri gəlmişkən, ABŞ Müdafiə Nazirliyindən 333-cü bölmə (potensialın gücləndirilməsi) çərçivəsində Azərbaycanın aldığı əlavə vəsaitlər bura daxil deyil. Bildirilib ki, Hökumət Hesabatlılığı İdarəsinin (GAO) mart ayında açıqladığı hesabata əsasən, Azərbaycan 333-cü Bölmə çərçivəsində ABŞ-dan 164 milyon dollardan çox yardım alıb.
ANCA-nın icraçı direktoru Aram Ambaryan Ermənistana və Qarabağdakı separatçılara yardımın məbləğinin artırılması ilə bağlı səylərini gücləndirəcəklərini bildirib.
Erməni lobbisi ABŞ-dan yardım almaq üçün o qədər bəhanələr uydurub ki, real hissini də itiriblər. ANCA Ağ evə və Konqresə 2020-ci ildə regiondan qaçan 100 mindən çox erməninin məskunlaşmasına kömək məqsədilə Qarabağ ermənilərinə 50 milyon dollar yardım ayrılması ilə bağlı müraciət edib. Lobbi təşkilatı bununla da Qarabağda ermənilərin sayı üzrə aparılan təbliğatın yalan olduğunu etiraf edib.
Xatırladaq ki, Rusiya sülhməramlıları və Ermənistan mənbələri Azərbaycanın bu ərazisində on minlərlə erməninin yaşadığını deyir.
Belə qənaətə gəlmək olar ki, ANCA saxtakarlıq edir. Ehtimal etmək olar ki, onlar bu yolla yardım əldə edib, onu qeyri-müəyyən, təyinatı bilinməyən istiqamətdə xərcləyərək mənimsəmək niyyətindədirlər.
Ümumiyyətlə, ermənilərin lobbi təşkilatlarında bu sayaq mənimsəmə halları tez-tez baş verir. “Hayastan” fondu dələduzluq sırasında qabaqcıllardandır. 2019-cu ilin sonunda Ermənistanın Auditorlar Palatası "Hayastan" Ümumerməni Fondunun fəaliyyətində 190 min dollar (89 mln. 942 min dram) məbləğində dələduzluq edildiyini aşkarlamışdı. Bu təşkilatın “Hərbçilərin sığorta fondu” adı altında maliyyə vəsaiti toplayaraq fırıldaqla məşğul olduğu müəyyən edilib.
Xatırladaq ki, 2018-ci ilin iyununda “Hayastan” Ümumerməni Fondunun direktoru Ara Vardanyan ictimai təşkilatda səlahiyyət həddini aşaraq külli miqdarda maliyyə vəsaitini mənimsəməkdə şübhəli bilinərək həbs olunmuşdu. 44 günlük müharibə başa çatanadək bu fond tərəfindən aparılan ianə toplama kampaniyası çərçivəsində 73 müxtəlif ölkədə yaşayan çoxsaylı icma üzvlərindən 170 milyon dollar məbləğində vəsait toplanmışdı. Həmin məbləğin xəclənməsində də şəffaflıq təmin olunmayıb.
ABŞ-ın Ermənistana yardımı azaltması bu istiqamətdə şəffaflığın təmin olunmaması və rəsmi İrəvanın yürütdüyü qeyri-müəyyən xarici siyasət kursu ilə də əlaqədar ola bilər. Bu baxımdan maliyyə yardımının azalacağını rəsmi İrəvanın Rusiya ilə Qərb arasında vurnuxması, səbatsız davranışının öz nəticəsi kimi dəyərləndirmək mümkündür. Ukrayna müharibəsi Ermənistanın əsl simasını üzə çıxardı. Xüsusi ilə bu ölkənin 4 “Su-30” qırıcısının Rusiya tərəfdən Ukraynanı bombalaması gələcəkdə erməni lobbisini yardımlar və dəstəklər məsələsində daha çox məyus edəcək. Beləliklə, Ermənistan və erməni lobbisi ABŞ-ın yardımları azaltması timsalında etibarsız olduqlarının “mükafatını” alır və cəzasını çəkir. (report.az)