Newscenter.az.30.03.2022. İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) əməkdaşları Qazaxıstana işgüzar səfər edib.
Newscenter.az bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, səfər çərçivəsində Qazaxıstana məxsus "Sahibkarlığın İnkişafı Fondu" ASC-nin (DAMU) nümayəndələri ilə görüşlər keçirilib, tərəflərin birgə əməkdaşlığını ehtiva edən “Yol xəritəsi”nin icrası ilə bağlı görüləcək işlər barədə müzakirələr aparılıb.
SİF-in əməkdaşları sahibkarlıq subyektlərinin iqtisadiyyatdakı rolunu gücləndirmək və maliyyə vəsaitlərindən effektiv istifadəni təmin etmək məqsədilə Fondun həyata keçirdiyi tədbirlər barədə məlumat verib, DAMU təcrübəsində tətbiq olunan güzəştli kredit, zəmanət və subsidiya mexanizmlərinin şərtləri ilə tanış olub, o cümlədən təşkilatın risklərin idarəedilməsi, rəqəmsallaşma və korporativ idarəetmə siyasətləri barədə məlumatlandırılıb.
2019-cu ilin oktyabr ayında SİF və DAMU arasında Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, sahibkarlığın təşviqi və biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə “Yol xəritəsi” hazırlanıb və hazırda icrası davam etdirilir.