Newscenter.az.30.03.2022. Nazirlər Kabinetinin 2021-ci il üzrə hesabatında bildirilir ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2021-ci ilin dövlət büdcəsindən ayrılan vəsaitin 99 faizi icra olunub və beləliklə, ərazilərin bərpasına 2 milyard 178,4 milyon manat xərclənib.
Araşdırmalar nəticəsində məlum olur ki, işğaldan azad olunan rayon və kəndlərdə 2021-ci ildə həyata keçirilən tikinti-quraşdırma işlərinə ayrılan vəsaitin məbləği 1 milyard 954 milyon 551 min manat olub. Bu vəsaitin yarıya qədəri Füzuli rayonunda və Şuşa şəhərində, yerdə qalan yarısı isə digər 6 rayonda ərazilərin bərpası və yenidən qurulması üzrə tikinti-quraşdırma işlərinə xərclənib. Füzuli rayonunda xərclənmiş vəsaitin çoxluğu Füzuli Beynəlxalq Hava Limanı, Zəfər yolu ilə əlaqələndirilsə də indiyə qədər bu iki meqa-layihəyə nə qədər vəsait xərcləndiyi icrimaiyyətə bəlli deyildir. Şuşa şəhərinə gəlincə, burda aparılan bərpa, abadlıq və yenidənqurma istiqamətində icra edilən layihələrin heç birinin smeta dəyəri indiyədək açıqlanmayıb.
Bu qədər pul xərclənməsinə baxmayaraq hələ 1 nəfər məcburi köçkün doğma yurduna qayıtmayıb. Əslində bu gedişlə yaxın zamanlar üçün qayıdışı gözləməyə dəymir. Çünki, bu məqsədlə hər il büdcədən xeyli vəsait ayrılacaq və həmin pullar qeyri-şəffaf və hesabatsız xərcləmələrlə korrupsiya yeminə çevriləcək.
Qubad İbadoğlu-iqtisadçı ekspert