Newscenter.az.30.03.2022. Rusiyanın quşçuluq müəssisələri damazlıq yumurta təchizatında ciddi çətinliklərlə üzləşib.
Newscenter.az Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasına istinadən xəbər verir ki, ölkəyə qarşı tətbiq olunan sanksiyalar fonunda Avropadan damazlıq yumurta idxalı demək olar ki, tamamilə dayanıb. Bu barədə Rusiya kənd təsərrüfatı naziri Dmitri Patruşev Dövlət Dumasının aqrar komitəsində keçirilən müzakirələr zamanı məlumat verib. Nazir bildirib ki, Nəqliyyat Nazirliyi ilə birlikdə damazlıq yumurta idxalı üçün yeni istiqamətlər müəyyənləşdirməyə çalışırlar.
Qeyd edək ki, Rusiya Quşçular İttifaqının məlumatına əsasən 2021-ci ildə ölkə damazlıq yumurta tələbatının 20 faizdən çoxunu idxal hesabına təmin edib. Bu, təxminən 600 milyon ədəd yumurta deməkdir. Rusiyada damazlıq yumurta ilə bağlı problemi kəskinləşdirən həm də yanvar ayında Niderland, Almaniya, Fransadan belə yumurtaların idxalının dayandırılması olub. Səbəb həmin ərazilərdə quş qripi hallarının baş verməsi idi.
Ötən il Rusiyada 6,72 milyon ton quş əti istehsal olunub. Sanksiyaların tətbiqindən sonra quş ətinin bahalaşmasının qarşısını almaq üçün razılaşdırılmış qiymətlərin tətbiqinə başlanıb.
Mehman