Newscenter.az.30.03.2022. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin fevral ayında Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə əlaqədar keçirdiyi təlimin iştirakçısı olmuş ümumtəhsil müəssisələrinin müəllimləri şagirdlər üçün açıq dərslər təşkil ediblər.
Newscenter.az nazirliyə istinadən xəbər verir ki, açıq dərslər Bakı, Şamaxı, Qəbələ, Mingəçevir, Zaqatala və Şəkinin ümumtəhsil məktəblərində keçirilib. Elektron Təhlükəsizlik Xidməti 70 informatika müəllimini əvvəlcədən təlim materialları ilə təmin edib.
Açıq dərslərə 6-11-ci sinif şagirdləri – ümumilikdə 2600-dən artıq məktəbli cəlb olunub. Onlar zərərli informasiya, mövcud kibertəhdidlər və təhlükəsiz internet mühitinin formalaşdırılması üçün əsas kibergigiyena qaydaları barədə məlumatlandırılıblar.
Qeyd edək ki, Elektron Təhlükəsizlik Xidməti uşaqların internetdən təhlükəsiz istifadəsi məsələsini daim diqqətdə saxlayır. Qurum 2013-cü ildən mütəmadi olaraq bu sahədə maarifləndirmə tədbirləri həyata keçirir.
Sevinc