Newscenter.az.31.03.2022. “Berlin Enerji Keçidi Dialoqu” çərçivəsində energetika naziri Pərviz Şahbazov Almaniya Federativ Respublikasının federal kanslerinin iqtisadi məsələlər üzrə müşaviri, dövlət katibi Jörg Kukies ilə görüşüb.
Newscenter.az-a nazirlikdən bildirilib ki, görüşdə qlobal enerji gündəliyində olan məsələlər, Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Azərbaycanın “yaşıl enerji” üzrə Avropanın təchizatçısına çevrilməsi və ikitərəfli enerji əməkdaşlığının inkişaf etdirilməsi imkanları müzakirə edilib.
Uzun illərdir neft təchizatçısı olan Azərbaycanın 21-ci əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi ilə Avropa ölkələrinin qaz tədarükçüsünə çevrildiyi və bu dəhlizin genişləndirilməsinin çoxtərəfli əməkdaşlıq əsasında zəruri bir sıra məsələlərin həllini tələb etdiyi qeyd edilib.
Həmçinin hazırda Azərbaycanın Avropaya digər bir istiqamət - bərpa olunan enerjinin ixracı ilə bağlı planlarının olduğu diqqətə çatdırılıb. Nazir Pərviz Şahbazov deyib ki, Xəzər dənizinin zəngin külək enerjisi potensialının 7,2 GVt-nı 2036-cı ilədək reallaşdırmaq niyyətindəyik. “Qara dəniz sualtı elektrik xətti kimi yeni ötürücü xətlərlə biz istehsal ediləcək “yaşıl enerji”ni Avropaya ixrac edə bilərik. Eyni zamanda hidrogen qarışığının ixracı da nəzərdən keçirilir ki, bunların hər ikisi real imkanlardır,” deyə nazir bildirib.
Sevinc