Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə regional və qlobal sülhün bir parçasına çevrilmiş oldu -HIKMET EREN

Türkiyə regional və qlobal sülhün bir parçasına çevrilmiş oldu


Newscenter.az.31.03.2022. Bu günlər bütün dünyanın gözü Rusiya-Ukrayna savaşı və bu savaşı dayandırmağa çalışan, bu istiqamətdə davamlı fəaliyyət göstərən Türkiyədədir desək yanılmarıq. Uzun müddətdir ki, Ankaranın Moskva və Kiyev arasında həyata keçirdiyi vasitəçilik missiyası nəhayət ki, bu günlərdə qismən də olsa nəticə verdi və tərəflər Türkiyənin İstanbul şəhərində bir araya gəldilər. Belarus görüşündən fərqli olaraq Rusiya və Ukrayna arasında baş tutan İstanbul görüşü bölgədə müharibənin dayandırılacağı və Kiyevlə Moskva arasındakı problemin bundan sonra danışıqlar masası arxasında həll ediləcəyinə böyük ümidlər yaradır. Çünki qardaş ölkə Rusiya ilə Ukrayna arasında gərginlik artmağa başladığı gündən tərəfləri müharibədən çəkinməyə dəvət etmiş, problemin danışıqlar yolu ilə həllini məqbul saymışdı. Bu da öz-özlüyündə Türkiyənin istər yerləşdiyi coğrafiya, istərsə də dünyada nə dərəcədə sülhpərvər, barış tərəfdarı olduğunu təsdiqləyir. Elə əksər ekspetlər də bu qənaətdədirlər.

Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasiya) İdarə Heyətinin sədri Hikmət Eren deyir ki, prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsünün nəticəsi olaraq İstanbulda gerçəkləşdirilən Rusiya-Ukrayna müzakirələri Türkiyənin sülhə, təhlükəsizliyə səy göstərən ölkə olduğunu bir daha sübuta yetirir. Rəsmi Ankaranın bu təəşəbbüsünün tarixi bir addım olduğunu deyən EkoAvrasiya İdarə Heyətinin sədri onu da vurğulayıb ki, bununla həm də Türkiyə regional və qlobal barışın, sülhün bir parçasına çevrilmiş oldu:

“Rusiya və Ukrayna arasındakı gərginliyə Türkiyənin münasibəti tarixi addımdır. Türkiyənin burada marağı yalnız və yalnız barışın əldə edilməsi, müharibənin bir an öncə sona çatmasıdır. Bundan başqa Türkiyənin bu məsələdə əldə etdiyi heç bir şey yoxdur. Bir daha qeyd etdiyim kimi əsas məqsəd bölgədə sabitliyə nail olmaqdır. O tamam bir mövzudur ki, Türkiyə Rusiya ilə Ukrayna arasında barışa nail olsa, o halda Türkiyənin regionda və beynəlxalq aləmdəki nüfuzu, çəkisi də xeyli dərəcədə artacaq".

Ukraynada milyonlarla insanın həyatlarının təhlükə altında olduğunu, bu təhlükə ilə yaşamağa çalışdıqlarını diqqətə çatdıran Hikmət Eren tezliklə bu savaşın sona çatması arzusunda olduğunu vurğulayıb:

“Savaşın məğlub olanı vəə ya qalib gələn tərəfi olmaz. Burada uduzan insanlıq və insanlıq tarixidir. Ukraynanın işğalına başlayan Rusiyanın bir an öncə günahsız axan qanı durdurmasını arzu edirik. Xüsusilə qeyd etmək istərdim ki, bu savaşda ən çox zərər görənlər mülki, günahsız insanlardır. Sarayevodan sonra dünyanın gözü önündə gerçəkləşən bu qorxunc savaşa səbəb olanları qınamaqla yanaşı, bu müharibədə həlak olanların da ruhuna ehtiramla yad edirəm”.

Rusiya-Ukrayna müharibəsinin bir an öncə durdurulması məqsədilə Türkiyənin irəli sürdüyü təşəbbüsün həm də insaniyyətdən irəli gəldiyini deyən Hikmət Eren bildirib ki, Türkiyənin bölgədə sülh və sabitliyin təmin olunmasına gələcəkdə də payı olacaq və bu istiqamətdə fəaliyyətləri davam edəcək:

“Türkiye Cumhuriyyətinin prezidentinin Dolmabahçe Çalışma Ofisində gerçəkləşən müzakirə sonrası, Rusiya və Ukrayna təmsilçilərinin görüşmələrdən məmnun olduqları yönündə açıqlamalar verməsi savaşın hər an sona çata biləcəyi ilə bağlı fikirlərin səslənməsi nikbin düşünmək üçün əsas verir”.

Qeyd edək ki, bu günlərdə Türkiyənin təşəbbüsü ilə İstanbulda baş tutan Rusiya-Ukrayna danışıqlarının nəticəsi olaraq hər iki ölkənin prezidentlərinin bir araya gələ biləcəyinin mümkünlüyü də qeyd edilib. Həm Kreml, həm də Ukrayna Prezidentinin Ofisi Vladimir Putinlə Volodimir Zelenskinin görüşünün yaxın vaxtlar üçün real olduğunu bildirib.

NEWSCENTER.AZ
Xəbəri paylaş