“Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 6 il ötür. 2016-cı il aprel ayının əvvəlində düşmənin təxribatının qarşısı uğurla alındı və bu, Aprel döyüşləri kimi tarixləşdi. Əldə olunmuş qələbə nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi”.
Newscenter.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, ümumilikdə işğal altındakı ərazilərin 2000 hektardan çox hissəsinin düşməndən təmizləndiyi Aprel döyüşləri ilə Azərbaycan Ordusu xalqımıza qələbə sevincini yaşatdı və heç şübhəsiz bu sevinc, bu qələbə müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu, praqmativ siyasətinin nəticəsində əldə olundu:
“Aprel döyüşləri Azərbaycan tarixinə şanlı səhifə kimi yazıldı. Bu zəfər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi, dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi”.
“Aprel döyüşləri həmçinin bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Aprel zəfərindən sonra 2018-ci ildə Naxçıvan istiqamətində Günnüt əməliyyatı ilə ümumi olaraq, on bir min hektarlıq ərazi azad olundu, İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət ələ keçirildi, 2020-ci ildə isə Tovuz istiqamətində düşmən təxribatının qarşısı qətiyyətlə alındı, düşmənə sarsıdıcı zərbələr vuruldu:
“Nəhayət, 2020-ci ilin sentyabr ayının 27-də başlanan 44 günlük Vətən müharibəsi işğal altında olan bütün torpaqlarımızın azad olunması ilə nəticələndi, tarixi zəfər, qələbə qazanıldı, ədalət bərpa edildi. Bununla da, Aprel döyüşlərindən başlanan, 44 günlük Vətən müharibəsi ilə tarixi qələbəyə çevrilən Zəfər salnaməsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi”.
Ruhiyyə