Yaz mövsümü ilə əlaqədar şənbə günü, aprelin 2-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda ümumşəhər daxili iməcliyinin keçirilməsi qərara alınıb.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.
Daxili iməclik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, koşklər və dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları, binaların fasadları yuyulacaq, ağaclar budanacaq, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görüləcəkdir.
Bakı Şəhər İcra Hakimiyyəti müəssisə, idarə və təşkilatların kollektivlərini, paytaxt sakinlərini bu iməclikdə fəal olmağa çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edir.