“Uğurlu Gələcək” İctimai Birliyi olaraq, Azərbaycan xalqının əzmi və iradəsi ilə tarix yazılmış 44 günlük Vətən müharibəsinin zəfərini dərin hörmət və qürur hissi ilə xatırlayırıq. Bu şanlı qələbə, müstəqil dövlətimizin ərazi bütövlüyünü bərpa etməklə yanaşı, xalqımızın birlik və həmrəyliyinin gücünü bütün dünyaya nümayiş etdirdi.
2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-da şanlı zəfərlə nəticələnən müharibə zamanı Azərbaycan Silahlı Qüvvələri qəhrəmanlıq salnaməsi yaratdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə rəşadətli əsgər və zabitlərimiz torpaqlarımızı işğaldan azad edərək, 30 ilə yaxın davam edən ədalətsizliyə son qoydu.
Bu gün biz şəhidlərimizi dərin ehtiramla yad edir, onların əziz xatirəsini qəlbimizdə yaşadırıq. Yaralanmış qazilərimizə minnətdarlığımızı ifadə edir, onların sağlamlığı və rifahı naminə göstərilən səyləri yüksək qiymətləndiririk.
“Uğurlu Gələcək” İctimai Birliyi olaraq, Azərbaycanın bundan sonra da sülhsevər siyasətini davam etdirəcəyinə, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin uğurla həyata keçiriləcəyinə və bu torpaqların tezliklə çiçəklənən diyara çevriləcəyinə inanırıq.
Bu qələbə, təkcə Azərbaycan üçün deyil, həm də bölgə üçün yeni bir dövrün başlanğıcıdır. Bütün dünyaya səs salan bu tarixi zəfər, xalqımızın əzmkar mübarizəsi və milli birliyinin əbədi simvolu kimi daim yaddaşlarda qalacaqdır.
Qarabağ Azərbaycandır!