Ukraynanın Nikolayev şəhərində vilayət dövlət administrasiyasının binasına endirilən raket zərbəsi nəticəsində ölənlərin sayı 36-ya çatıb.
“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Nikolayev vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Kim bildirib.
Ölənlər arasında hərbi administrasiyası rəhbərinin köməkçisi də var. Onun meyiti dağıntılar altından bu gün çıxarılıb.
Vitali Kim deyib ki, Nikolayev vilayətində yerli sakinlərə zədələnmiş hərbi texnikaların hissələrini götürüb metal tullantılarının qəbul mərkəzlərinə təhvil vermək qadağan olunacaq. O, Ukrayna ordusunun ehtiyacları üçün istifadə ediləcək.
Bundan əlavə, Kim Nikolayev vilayətinin ərazisində yerləşən Rusiya qüvvələrinə müqavimət göstərmək üçün xüsusi qruplar yaradıldığını deyib.