Ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının, xüsusən söz və məlumat azadlığının, eləcə də dövlət qurumlarının fəaliyyətində şəffaflığın və aşkarlığın təmini bu sahədə həyata keçirilən siyasətin prioritet istiqamətlərindəndir.
Newscenter.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə rəsmi səhifələri fəaliyyət göstərir. Bu müddətdə səhifələrin ümumi izləyici sayı 400 mindən artıqdır.
Daxili işlər orqanlarında baş verən yeniliklər, hüquqi və struktur islahatları, keçirilən maarifləndirici, profilaktiki tədbirlər, kriminogen duruma nəzarət olunması, açılan cinayət hadisələri barədə xəbərlərin operativ və obyektiv yayımının təşkili səhifələrimizdə diqqətdə saxlanılır.
Eyni zamanda gün ərzində vətəndaşlar tərəfindən səhifələrin mesaj və rəy bölmələrinə yazılan suallar və müraciətlərin hər biri ayrı-ayrılıqda cavablandırılır, müvafiq izahlar verilir. Polisin fəaliyyəti ilə bağlı araşdırılmasına ehtiyac duyulan müraciətlər qeydiyyata alınır, əksəriyyəti yerindəcə həllini tapır. Polisin səlahiyyətinə aid olmayan məsələlər isə aidiyyəti üzrə istiqamətləndirilir.
Nəzərə çatdırırıq ki, cari ilin təkcə 3 ayı ərzində səhifələrin mesaj bölməsinə ümumilikdə 6314 müxtəlif məzmunlu müraciət daxil olub. Onlardan 5187-si ətraflı cavablandırılıb, 1127-si isə qeydiyyata alınmaqla araşdırılması üçün aidiyyəti üzrə polis orqanlarına yönləndirilib. Qeyd olunan dövrdə vətəndaşlar tərəfindən 500-ə yaxın təşəkkür məktubları daxil olub.
Mehman