Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində ölkə üzrə növbəti kütləvi ağacəkmə kampaniyasına başlanılıb.
Newscenter.az xəbər verir ki, aprelin 2-də Müşfiqabad qəsəbəsində “Yaşıl Marafon 2022” çərçivəsində Bakının ilin ilk ağacəkmə aksiyası keçirilib.
Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə cəlb edilmiş 100-dən artıq könüllünün iştirakı ilə keçirilən aksiya zamanı ərazinin torpaq-iqlim şəraitinə uyğun 2000 ədəd müxtəlif cinsli ağac əkilib.
IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən kampaniya zamanı ölkənin müxtəlif regionlarında yaz-payız əkin mövsümləri müddətində kütləvi ağacəkmə aksiyalarının keçirilməsi, yaşıllıq sahələrinin artırılması nəzərdə tutulub.
Qeyd edək ki, builki “Yaşıl Marafon” çərçivəsində Azərbaycanda, xüsusən də Abşeron yarımadasında yaşıl dəhlizlərin yaradılması, mürəkkəb relyefli, sərt yamaclı ərazilərdə ağacların əkilməsi planlaşdırılır ki, bu xüsusda yamaclarda terraslar hazırlanacaq, ağacların əhatəsi təbii sutoplayıcı formaya salınacaq və yağış sularının ağacların suvarılmasına yönəldilməsi mümkün olacaq. Bununla, torpaq eroziyasının qarşısı alınacaq, torpağın hava, su keçiriciliyi və münbitliyi artacaq, nəticədə daha yüksək bitiş faizi əldə ediləcək, eləcə də həmin sahələrdə suvarma suyuna qənaət edilmiş olacaq.
Layihənin əsas məqsədi yaşıllıq sahələrinin azalması fonunda yarana biləcək təhlükələrin qarşısını almaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirilməyə töhfə verməkdən ibarətdir.
Kütləvi ağacəkmələr, eyni zamanda, iqlim dəyişikliyinə səbəb olan istixana qazı tullantılarının azaldılmasına nail olmaqla bağlı qlobal fəaliyyətlərə dəstək xarakteri daşıyır.
Ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirmək niyyətində olan IDEA İctimai Birliyi öz tərəfdaşları ilə birgə ictimaiyyəti Planetimizin mühafizəsi ilə bağlı mübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak etməyə çağırıb.