Aprel ayının ikinci ongünlüyündən başlayaraq pambıqçılıq rayonlarında çiyid səpininə start veriləcək. Əkinə hazırlıq prosesinin düzgün təşkili mövsümün sonunda fermerlərə daha çox gəlir əldə etməyə imkan verir. Pambıqçılıq ölkəmizdə güclü ənənələri olan kənd təsərrüfatı sahələrindən biridir. Bu sahənin inkişafı fermerlərimizin gəlirlərinin çoxalmasına, bölgədə məşğulluq səviyyəsinin artmasına son dərəcə müsbət təsir edir. Son illər ərzində dövlət tərəfindən pambıqçılığın inkişafına dəstək tədbirlərinin gücləndirilməsi bu sahəni fermerlərimiz üçün daha da cəlbedici edib. Bu sahəyə marağın artması nəticəsində pambıq istehsalının həcmi və orta məhsuldarlıq göstəriciləri ildən-ilə yüksəlir.
Newscenter.az xəbər verir ki, bu fikirləri Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev bölgələrdə yazlıq əkinlərə hazırlıq dövründə fermerlərlə keçirilən silsilə görüşlərdə deyib. Beyləqan, İmişli, Ağcabədi və digər rayonlarda keçirilən görüşlərdə bildirlib ki, dövlət tərərəfindən pambıqçılığın inkişafı məqsədilə dəstək tədbirləri davam etdirilir. Aqrar Subsidiya Şurası məhsul istehsalını stimullaşdırmaq məqsədilə pambıqçılığa subsidiyaların verilməsi qaydalarında dəyişiklik edib. Bu ildən fermerlər təhvil verdikləri pambığa görə yalnız məhsul subsidiyası alacaqlar. Fermerlərə təhvil verdikləri pambığın hər tonuna görə 170 manat subsidiya ödəniləcək. Məhsul subsidiyası almaq üçün fermerlərin torpaq mülkiyyətindən asılı olmayaraq EKTİS-də öz əkinlərini bəyan etməsi kifayətdir.
Eyni zamanda pambıq şirkətləri ilə aparılan müzakirələrə əsasən, xam pambığın alış qiyməti bu il də 50 manat artırılıb. Bununla da 2022-ci il məhsul yığımı mövsümündə şirkətlər pambığın hər tonunu sortundan asılı olaraq fermerlərdən 650-750 manata alacaqlar. Mövsümün gedişindən asılı olaraq pambıq şirkətləri tərəfindən pambığın alış qiymətinin artırılması məsələsinə bir daha baxılacaq.
Görüşlərdə həmçinin taxıl sahələrində mövcud durum, payızlıq əkinlərə görə subsidiyaların ödənilməsi, suvarma məsələləri, gübrə ilə təminat, əkin sahələrində alaq otlarına və zərərvericilərə qarşı mübarizənin təşkili, yazlıq əkinlərə hazırlıq, bəyan prosesinin gedişi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb.
Tədbirlərdə Aqrar Kredit və İnkişaf Agentliyinin, “Aqroservis” ASC-nin nümyandələri, nazirliyin yerli qurumlarının rəhbərləri, suvarma sistemləri idarələrinin nümayəndələri, yerli icra strukturunun rəhbərləri və digər rəsmi şəxslər iştirak edirlər.
Analoji formatda görüşlərin qrafik üzrə digər rayonlarda da keçirilməsi nəzərdə tutulur.
Sevinc