Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan dünyada siyasi sabitliyin, tərəqqinin ünvanı kimi tanınır

Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan dünyada siyasi sabitliyin, tərəqqinin ünvanı kimi tanınır


2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Seçki marafonunda 8 namizəd iştirak etmişdir. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev olmuşdur. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin - 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Seçicilərin mütləq əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsi, əslində xalqın bütün destruktiv və xain qüvvələrə yox deməyinin təzahürüdür. 2018-ci ildə keçirilmiş seçkilər bir daha göstərdi ki, radikalların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Bu səbəbdən də 2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu.
Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olmuşdur.

Ali kürsüdə fəaliyyətə başladığı ilk gündən Heydər Əliyev siyasətinə sadiq qalacağını bəyan edən möhtərəm cənab Prezident ölkəmizə bu yolla böyük zəfərlər qazandırıb. O, Yeni Azərbaycan Partiyasının Sədri kimi də Ulu Öndərin ideya siyasi xəttini davam etdirərək, partiyanı ölkəmizin və regionun ən güclü siyasi təşkilatına çevirib.

Qürur hissi ilə demək olar ki, Azərbaycanın son yarım əsrlik tarixi ulu öndərin və cənab Prezidentin adı ilə sıx bağlıdır. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan dünyada siyasi sabitliyin, tərəqqinin, qlobal təşəbbüslərin, tolerantlığın ünvanı kimi tanınır. Dövlətimizin başçısının milli maraqlara və qarşılıqlı etimada əsaslanan müstəqil siyasi kursu ölkəmizi dünyada etibarlı tərəfdaş kimi tanıdıb, ona böyük nüfuz qazandırıb. İnkişaf etmiş dövlətlərin sırasında layiqli yer tutan Azərbaycan 2011-ci ildə 155 ölkənin etimadını qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycanın 2019-2022-ci illər üçün bu təşkilatın sədri seçilməsi də regional və beynəlxalq arenada söz sahibi kimi qəbul edilməsinin nəticəsidir. Bu gün Azərbaycan qlobal mədəniyyətlərarası dialoqun, aparıcı siyasi platformaların reallaşdırıldığı ünvanlardan biridir. Son 19 ilin ən böyük uğurlarından biri Azərbaycanın sürətli, dinamik iqtisadi inkişafına nail olunması, ölkəmizin iqtisadi potensialının əvvəlki dövrlərlə müqayisə edilməyəcək səviyyəyə yüksəlməsidir. Müasir Azərbaycan bu gün regional və beynəlxalq miqyaslı iqtisadi layihələri həyata keçirən ölkədir. Bakı–Tbilisi–Ceyhan, “Cənub Qaz Dəhlizi”, TANAP, TAP, Bakı-Tbilisi-Qars dəmir yolu və bu kimi digər beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi Azərbaycan liderinin iqtisadi, siyasi təşəbbüslərinin və səylərinin nəticəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün də inamla həyata keçirilən davamlı islahatlar Azərbaycanın dayanıqlı və dinamik inkişafını təmin edir. Dünyada iqtisadi və maliyyə böhranının yaşandığı, pandemiyanın yaratdığı çətinliklərin davam etdiyi bir vaxtda ölkə iqtisadiyyatının bütün istiqamətlərində artıma nail olunub.

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi qələbəni böyük qürur hissi ilə vurğulamaq istərdim. Bu zəfər İlham Əliyevin böyük sərkərdəlik və siyasi-diplomatik məharətinin nəticəsi idi. Məhz buna görə xalqımız cənab Prezidenti tarixi qələbəmizin memarı hesab edir. Azərbaycanın ərazi bütövlüyünü təmin edən möhtərəm Prezident özünün dediyi kimi, həm də ulu öndər Heydər Əliyevin ata vəsiyyətini yerinə yetirdi. Ermənistanın işğal dövründə viran qoyduğu ərazilərimizin azad olunmasından dərhal sonra həmin torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işlərinə start verilib. Azərbaycan öz maliyyə resurslarına arxalanaraq qədim ata-baba yurdlarımızda dağıdılmış şəhər və kəndləri bərpa edir, yenilərini salır, infrastruktur layihələri həyata keçirir. Prezident İlham Əliyevin rəhbərliyi altında silahlı qüvvələrin də modernləşdirilməsi, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində işlər planlı və ardıcıl şəkildə davam etdirilir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında düşməni diz çökdürən Azərbaycan Ordusu üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirməyə hər an qadirdir.

Prezident İlham Əliyevin humanitar siyasəti də əksər ölkələr üçün nümunə sayıla bilər. Şəhid ailələrinin, Vətən müharibəsi qazilərinin daim diqqət mərkəzində saxlanılması, aztəminatlı ailələrin, sosial müdafiəyə ehtiyacı olan bütün şəxslərin dövlət qayğısı ilə əhatə olunmaları bu siyasətin nə qədər geniş dairəni əhatə etdiyini göstərir. Ölkəmizin bu sahədə qazandığı nailiyyətlərdə Azərbaycanın Birinci Vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın da böyük rolu vardır. Onun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən mühüm layihələr ölkəmizdə təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin inkişafına, ölkəmizin beynəlxalq miqyasda təbliğ olunmasına mühüm töhfələr verib.

Cənab Prezident dövlət başçısı kimi fəaliyyətə başlayarkən belə bir ifadə səsləndirmişdir: “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”. Bəli, bu gün tam qətiyyətlə deyə bilərik ki, möhtərəm Prezident İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir və xalqımız öz lideri ilə qürur duyur.

Məmmədova Nəzrin
YAP Xəzər rayon təşkilatının məsləhətçisi
Xəbəri paylaş