Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heyva bağlarının güzəştli sığortası başlayıb

Heyva bağlarının güzəştli sığortası başlayıb


Aqrar Sığorta Fondu ölkədə ilk dəfə olaraq heyva bağlarını sığorta etməyə başlayıb. Newscenter.az Aqrar Sığorta Fonduna istinadən xəbər verir ki, əkin sahələrində olduğu kimi, heyva bağlarının sığortasında da sığorta haqqının yarısını fermerlərə dəstək üçün dövlət ödəyir.

Aqrar sığorta heyva bağlarını çoxsaylı risklərdən qoruyur. Bura dolu, donvurma (şaxtavurma), sel-su basma, leysan, ildırım, yanğın, qasırğa, fırtına, normadan artıq yağan qar, doluvurmadan keyfiyyət itkisi, bitki xəstəlikləri və ziyanvericilər, üçüncü şəxslərin hərəkətləri və sair hallar aiddir.
Heyva bağlarının sahibləri onu baza sığorta zərfi ilə yanaşı, ayrıca olaraq donvurma (şaxtavurma) halından, dolu vurması nəticəsində keyfiyyət itkisindən, bitki xəstəlikləri və zərərvericilərdən, eləcə də ağacların özünü ayrı-ayrılıqda sığorta edə bilərlər.

Heyva Azərbaycanın demək olar ki, bütün ərazilərində yetişdirilir. Ölkədə ümumilikdə 4308 hektar heyva bağı var, bunun 4003 hektarı bar verir.
Ölkədə «heyvanın vətəni» Ucar rayonunu saymaq olar. Burada 702 hektar heyva bağı və ya ölkədəki bütün heyva bağlarının 16%-i yerləşir.
Göyçay rayonunda 219 hektar, Ağdaşda 169 hektar, Şabranda 156 hektar, Saatlı rayonunda 144 hektar, Kürdəmirdə 141 hektar, Şəkidə 129 hektar, Biləsuvar rayonunda isə 108 hektar heyva bağı var.

Hətta Bakının rayonlarında 90 hektardan artıq heyva bağı var. Paytaxtda heyva bağları Xəzər, Qaradağ, Binəqədi, Sabunçu rayonlarındadır.
Hər il heyva bağlarından 42 min tona yaxın məhsul yığılır. 1 hektardan məhsuldarlıq 105 sentner və ya 10,5 ton ətrafındadır. Heyva bağlarından ən yüksək məhsuldarlıq Hacıqabulda (1 hektardan 295 sentner və ya 29,5 ton), Şəmkir (289 sentner) və Sabirabad (249 sentner) rayonlarında əldə edilir.
Heyva bağlarının baza sığorta zərfi ilə sığortası tarifi ölkənin ayrı-ayrı regionları üzrə fərqlidir və 2,60%-5,46% arasında dəyişir. Bu bitkinin ən çox əkildiyi Mərkəzi Aran bölgəsində sığorta tarifi 2,63% təşkil edir. Hesablanan sığorta haqqının 50%-ni fermerə dəstək üçün dövlət ödəyir.

Sevinc
Xəbəri paylaş