2018-ci ilin aprel ayının 11-də şəffaf, azad, demokratik şəraitdə keçirilmiş növbədənkənar prezident seçkilərində cənab İlham Əliyev, Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Seçicilərin mütləq əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsi, Azərbaycan xalqının bütün destruktiv və anti-Azərbaycan qüvvələrinə yox deməsinin bariz təzahürü olmaqla yanaşı, öz Prezidentinə olan yüksək inamının və sevgisinin göstəricisidir. Bununla da öz taleyinin sahibi olan Azərbaycan xalqı ölkəmizin inkişafına, tərəqqisinə, təhlükəsizliyinə, xoşbəxt gələcəyinə səs vermiş oldu.
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, gücünü xalqından alan, verdiyi bütün vədləri tamlıqla yerinə yetirən Cənab İlham Əliyev, 2003-cü ildə söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” kəlamını reallığa çevirmiş oldu. Həyata keçirilmiş müdrik, uzaqgörən İlham Əliyev siyasəti nəticəsində ölkəmiz 2003-cü ildən bu günə qədər böyük inkşaf yolu keçmiş, beynəlxalq miqyasda etibralı tərəfdaş kimi tanınaraq böyük nüfuz qazanmışdır:
“2003-2018-ci illər Azərbaycan tarixinə möhtəşəm iqtisadi tərəqqi dövrü kimi həkk olmuşdur. Bu müddət ərzində ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artmışdır. Azərbaycanın strateji valyuta ehtiyatları 26.6 dəfə yüksəlmiş, maliyyə imkanları əsaslı dərəcədə yaxşılaşmışdır. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi isə 6 dəfə artmışdır.
Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi hər zaman Cənab Prezidentimiz İlham Əliyevin diqqət mərkəzində olmuşdur. 2003-2018-ci illər ərzində əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artmışdır. Bu müddət ərzində 1 958 400 yeni iş yeri açılmış, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilmiş, işsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enmiş, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunmuşdur. 2003-2018-ci illər ərzində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artmışdır.
Həyata keçirilən müdrik siyasət, milli maraqlarımızın qorunması istiqamətində atılan addımlar nəticəsində ölkəmizin qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyi xeyli artmışdır. Azərbaycan Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda 35-ci pillədə yer almış və MDB məkanında liderliyini qoruyub saxlamışdır. Eyni zamanda Azərbaycan dünyanın ən çox islahat aparan 10 ölkəsindən biri kimi tanınmışdır.”
Hər bir sahədə olduğu kimi, hərb və ordu quruculuğu sahəsində də 2003-2018-ci illər Azərbaycan Ordusunun sürətli inkişaf dövrü olmuşdur. Ali Baş Komandanımız Cənab İlham Əliyevin ordu sahəsində həyata keçirdiyi hərb siyasəti nəticəsində Azərbaycan ordusu təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından dünyanın güclü ordular sırasına daxil olmuşdur – deyən Sədaqət Vəliyeva əlavə edib ki, 2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun gücünün, qələbəyə olan inamının nümayişi olmaqla yanaşı, tezliklə Azərbaycanın öz ərazi bütövlüyünü və haqq- ədaləti bərpa edəcəyinin bəyanı idi:
“Həyata keçirilən uzagörən, müdrik, ölkəmizin milli maraqlarının qorunmasına hesablanmış İlham Əliyev siyasəti Azərbaycanımızın inkşafının, qələbələrinin əsası, xoşbəxt, firavan, təhlükəsiz gələcəyinin qarantıdır.”
Ruhiyyə