Cənubi Koreyanın şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə sərmayə yatıra bilər.
Newscenter.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) istinadən xəbər verir ki, bu məsələ qurumun icraçı direktoru Vüsal Qasımlının Cənubi Koreyanın Azərbaycandakı səfiri Lee Eun-yongla keçirdiyi görüşdə müzakirə olunub.
V.Qasımlı ölkədə aparılan iqtisadi islahatlar, Azərbaycanda strateji idarəetmənin tətbiqi, icra olunan inkişaf strategiyaları və eləcə də, İİTKM-nin iqtisadi islahatlar sahəsində apardığı monitorinq və qiymətləndirmə, tədqiqatlar və innovativ layihələr olan https://azexport.az/, https://dth.az/ və http://enterpriseazerbaijan.gov.az/ portalları və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi haqqında səfirə ətraflı məlumat verib.
O, Azərbaycanın öz torpaqlarını azad etməsinin ardından Zəngəzur dəhlizinin açılması ilə Cənubi Qafqaz regionunun beynəlxalq ticarət və daşımalar baxımından potensialının artması və bu sahədə Koreyanın beyin mərkəzləri ilə birgə tədqiqatların aparılmasının hər iki ölkənin maraqlarına xidmət edəcəyini vurğulayıb, eyni zamanda, Azərbaycan və Cənubi Koreya arasında ticarət dövriyyəsinin artırılması, ticarət və investisiya sahəsində əməkdaşlığın genişlənməsinin ölkələrin iqtisadi inkişafına öz müsbət töhfəsini verəcəyini qeyd edib. Bu istiqamətlərdə birgə tədqiqatların həyata keçirilməsi üçün İİTKM və Koreyanın müvafiq beyin mərkəzləri arasında əlaqələrin qurulması barədə razılıq əldə edilib.
Səfir iki ölkə arasında əlaqələrin səviyyəsindən məmnunluğunu qeyd edib. İİTKM ilə Səfirlik arasında həyata keçirilən birgə layihələrin müvəffəqiyyətli olduğunu və bu istiqamətdə əməkdaşlığın davam etdiriləcəyinə əminliyini bildirib.