Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Tütünçülük-2022: qarşıda duran vəzifələr” mövzusunda onlayn müşavirə keçirilib

“Tütünçülük-2022: qarşıda duran vəzifələr” mövzusunda onlayn müşavirə keçirilib


Kənd Təsərrüfatı Nazirliyində “Tütünçülük-2022: qarşıda duran vəzifələr” mövzusunda onlayn müşavirə keçirilib.

Newscenter.az xəbər verir ki, nazir İnam Kərimovun sədrliyi ilə keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin məsul şəxsləri, Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri, tütün emalı və istehsalı müəssisələrinin rəhbərləri, tütünçülüklə məşğul olan fermerlər iştirak edib.

Müşavirəni giriş sözü ilə açan Kənd Təsərrüfatı Naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Nazir qeyd edib ki, həyata keçirilən tədbirlər nəticəsində aqrar sahədə inkişaf tempi davam edir.

Azərbaycanda tütünçülüyün zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu xatırladan nazir bu sahənin inkişaf etdirilməsinin zəruri olduğunu vurğulayıb: “Aidiyyatı qurumlar tərəfindən təşkilati işlər həyata keçirilir. Hər il tütünçülüyün inkişafı ilə bağlı tədbirlər planı hazırlanır, bu sahədə toxum, gübrə, pestisid, texnika təminatı ilə bağlı zəruri tədbirlər görülür, fermerlərlə müqavilələrin bağlanması üzrə işlər həyata keçirilir. Aqrar sahənin, o cümlədən tütünçülüyün inkişafı üçün dövlətimiz tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir, bu sahənin inkişafı üçün subsidiyalar verilir. Bildiyiniz kimi, bu ildən pambıq, şəkər çuğunduru və tütün bitkiləri üzrə məbləği artırılmaqla yalnız məhsul subsidiyası veriləcək. Bu, fermerlərimizi əlavə sənəd yükündən azad edəcək, fermerlər təhvil verdikləri məhsula görə subsidiya alacaqlar”.

Tədbirdə Azərbaycanda tütünçülüyün inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunulub. Fermerlər, ilkin emal müəssisələri və istehsalçı şirkət arasında dəyər zəncirinin düzgün qurulmasının vacib olduğu diqqətə çatdırılıb. Bu il tütün istehsalına hazırlıq və qarşıda duran vəzifələr, tütünçülüyün inkişafı, hədəflər və perspektivlər barədə tədbir iştirakçıları məlumatlandırılıb. Məhsuldarlığın yüksək olması üçün aqrotexniki tədbirlərin vaxtında və düzgün yerinə yetirilməsinin vacib olduğu vurğulanıb.

Tədbirdə çıxış edən tütün emalı və istehsalı müəssisələrinin nümayəndələri, tütünçülüklə məşğul olan fermerlər ölkədə tütün istehsalında mövcud vəziyyətdən danışıb, tütünçülüyün inkişafı ilə bağlı fikirlərini bölüşüblər.

Müşavirədə tütünçülüklə bağlı 2022-ci il üçün tədbirlər planı müzakirə edilib, mineral gübrələr, toxum və texnika ilə təminat, suvarma məsələləri, subsidiyaların verilməsi, tədarükçülərin öhdəliklərini yerinə yetirmə səviyyəsi, tədarük məntəqələri və qurutma kameralarının vəziyyəti, tütünçülüyün inkişafı və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.

Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı bildirilib.

Sevinc
Xəbəri paylaş