“Krımı kiminsə öz ərazisi adlandırmasına imkan vermək istiqamətində danışıqlar aparmaq olmaz”.
“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 5-də ümum-Ukrayna telemarafonu zamanı jurnalistlərə müsahibəsində bildirib.
O, Ukraynanın Rusiya ilə müharibədə qələbə qazanacağını söyləyib: “Əsas məsələ suverenliyimizi itirməməkdir. Bu, çox vacibdir. İkincisi, mən yüz minlərlə insanın həlak olmasını istəmirəm. Üçüncüsü, Krımı kiminsə öz ərazisi adlandırmasına imkan verəcək danışıqlar aparmaq olmaz. Bu, yalnız Ukraynanın ərazisidir. Mən sənəddə (Ukraynanın təhlükəsizliyinə təminat haqqında müqavilə - "Report") bu məsələyə dair möhlətlə razıyam. Bu kompromis qərar ola bilər. Donbas mənim, bizim, hamımız üçün Ukraynadır”.
Dövlət başçısının sözlərinə görə, Rusiyanın müvəqqəti nəzarəti altında olan ərazilər barədə hələ danışmırlar: “Fevralın 24-dək bizim nəzarətimiz altında olan ərazilərin statusu barədə hətta müzakirə aparılmır. Biz bu barədə danışmırıq. Hərçənd biz bununla bağlı əvvəldən ultimativ şərtlər eşidirdik. Rusiya müvəqqəti işğal altında olan Donbas bölgəsindəki "respublika"ları tanıyıb. Yaranmış vəziyyətdən çıxş yolu tapmalıyıq. Bu ərazilər Ukraynaya məxsusdur. Onların Ukraynaya məxsus olması ilə bağlı statuslarının saxlanılması vacibdir. Mən şəxsən bu gün Ukraynanı qalib sayıram. Əlbəttə, mən harada, kim, necə dövlət olduğumuzu, nə qədər itki verdiyimiz, itirdiyimizi, itirə biləcəyimizi, nəyi saxladığımızı başa düşürəm. Mən hesab edirəm ki, Rusiyanın genişmiqyaslı müharibəni başladığı nöqtəyə, yəni fevralın 24-dək olan mövqeyə çəkilməsi Ukraynanın qələbəsidir”.
Qeyd edək ki, təminatçı dövlətlərə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü - ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya daxildir.