Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanlı səfir etimadnaməsini Danimarka kraliçasına təqdim edib

Azərbaycanlı səfir etimadnaməsini Danimarka kraliçasına təqdim edib


Azərbaycanın Respublikasının Danimarka Krallığında akkredite olunmuş səfiri Elin Süleymanov Danimarkanın Kraliçası Ülyahəzrət II Marqreteyə etimadnaməsini təqdim edib.

Azərbaycanın Respublikasının Böyük Britaniyadakı Səfirliyindən verilən məlumata görə, protokol qaydalarına və Krallıq ənənələrinə uyğun olaraq səfir xüsusi müşayiət ilə Amalienborq sarayına gətirilmişdir.

Görüşün əvvəlində səfir E.Süleymanov Prezident İlham Əliyevin səmimi salamlarını Kraliçaya çatdırıb. E.Süleymanov Azərbaycanın Danimarka Krallığında səfir kimi akkreditə olunmasından böyük şərəf hissi keçirdiyini söyləyərək yeni vəzifəsində iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi və möhkəmləndirilməsinə çalışacağını bildirib.

Öz növbəsində, Kraliça II Marqrete Prezident İlham Əliyevin səmimi salamlarına görə təşəkkür edərək, özünün də salamları və ən xoş arzularının Azərbaycanın ölkə başçısına çatdırılmasını xahiş edib. O, həmçinin səfir Elin Süleymanova fəaliyyətində uğurlar arzu edib.

Söhbət əsnasında, tərəflər son onilliklər ərzində Azərbaycanla Danimarka arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etməsindən məmnunluq ifadə edib, əlaqələrin bundan sonra daha da genişləndirilməsinə dair perspektivləri müzakirə etmişlər.

Səfir Süleymanov həmçinin, Azərbaycan ilə Danimarka arasında diplomatik münasibətlərin 30 illiyi münasibəti ilə xarici işlər naziri səviyyəsində təbrik məktubu mübadiləsinin baş tutmasını əhəmiyyətli addım kimi vurğulamışdır.

Sonda səfir, taxtda olmasının 50 illiyi münasibətilə Kraliça Ülyahəzrət II Marqreteyə səmimi qəlbdən təbriklərini çatdırmışdır.

Səfər çərçivəsində, Səfir Süleymanovun Danimarka Krallığı Xarici İşlər Nazirliyində görüşləri nəzərdə tutulub.
Xəbəri paylaş