Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosun nümayəndə heyəti Pakistanın paytaxtı İslamabad şəhərində İslam Ölkələri Arası Kosmik Elmlər və Texnologiyalar Təşkilatının (ISNET) kosmos üzrə beynəlxalq konfransında iştirak edib.
Newscenter.az-a nazirlikdən bildirilib ki, tədbir çərçivəsində Azərkosmos ISNET təşkilatının “Kosmik elm və texnologiya vasitəsilə dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi proqramı” üzrə keçirilən müsabiqənin qalibi olaraq mükafata layiq görülüb .
Müsabiqədə Azərkosmosun Coğrafi informasiya sistemləri mərkəzinin hazırladığı layihə təqdim olunub. Layihə Azərbaycan Respublikası üzrə 20 il (2000-2020) ərzində quraqlıq və səhralaşmaya məruz qalmış ərazilərin peyk təsvirləri əsasında monitorinqini əks etdirir. Layihənin nəticələri Birləşmiş Millətlər Təşkilatının “Dayanıqlı inkişaf məqsədləri”nin 13, 15 və 17-ci bəndlərinə müvafiq olaraq qlobal əməkdaşlığı canlandırmaq hədəfinə uyğunlaşdırılıb.
Səfər müddətində nümayəndə heyəti “İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında kosmik təhsil və maarifləndirmənin təşviqi: ISNET-ə üzv qurumlar arasında təcrübə mübadiləsi” üzrə keçirilən panel görüşlərində iştirak edib. Görüşlərdə tədbir iştirakçılarına Azərbaycanın kosmik sahəsi, peykləri və onların biznes fəaliyyəti, bu sahə üzrə qurulmuş beynəlxalq əlaqələr, o cümlədən Azərkosmosun kosmik sahədə həyata keçirdiyi elm və təhsil layihələri haqqında təqdimat nümayiş olunub.
Daha sonra İSNET təşkilatına üzv qurumlar arasında Azərbaycanın kosmik ölkə olaraq tanıdılması məqsədilə geniş təbliğat-təşviqat işləri aparılıb və tədbir iştirakçıları 2023-cü ildə Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə dəvət olunublar.
Sevinc