Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Baktelecom” Dədə Qorqud massivində optik şəbəkəsini istifadəyə verib

“Baktelecom” Dədə Qorqud massivində optik şəbəkəsini istifadəyə verib


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) paytaxtın Suraxanı rayonunda optik xidmətlərinin əhatə dairəsini genişləndirib. Sözügedən rayonun Dədə Qorqud massivində 1600 istifadəçi tutumlu yeni optik şəbəkə qurulub.

Newscenter.az
nazirliyə istinadən xəbər verir ki, indiyədək mis xətlər üzərindən xidmət alan 600 nömrə həmin genişzolaqlı şəbəkəyə keçirilib, eyni zamanda 300 yeni abunəçinin optik xidmətlərdən istifadəsi təmin olunub. Beləliklə, Dədə Qorqud massivində hazırda 900 mənzilə müasir standartlara cavab verən telefon və sürətli internet xidmətləri təqdim edilir.

“Baktelecom”un mütəxəssisləri tərəfindən Dədə Qorqud massivi üzrə layihə müddətində 100 kilometr uzunluğunda fiber-optik xətlər çəkilib, telekommunikasiya şəbəkəsi GPON (Gigabyte Passive Optical Network – Qiqabit tutumlu passiv optik şəbəkə) texnologiyası əsasında qurulub. Texnologiyanın üstünlüklərindən yararlanaraq sakinlərə 100 Mbit/s qoşulma sürəti və bir optik xətt üzərindən bir neçə rabitə xidmətindən istifadə imkanı yaradılıb.

Əlavə olaraq Yeni Suraxanıda və Hövsan qəsəbəsinin Quşçuluq massivində optik infrastrukturun tikintisinə başlanılıb. Bu ərazilərdə 2022-ci ilin sonunadək 12 000 istifadəçiyə telefon və sürətli internet xidmətlərinin təqdim edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Baktelecom”un optik şəbəkəsi qurularkən daha çox sakinə xidmət göstərilməsi, gələcəkdə yeni yaşayış massivlərinin salınması və əhali artımı ehtimalı nəzərə alınır.

Sevinc
Xəbəri paylaş