Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Palmali”nin növbəti gəmisi şəhid Əli Nəcəfovun adını daşıyacaq

“Palmali”nin növbəti gəmisi şəhid Əli Nəcəfovun adını daşıyacaq


2022-ci il aprel ayının 16-da II Qarabağ müharibəsində şəhid olmuş Əli Seyran oğlu Nəcəfovun adını daşıyan neft tankeri istifadəyə verilərək dünya sularına buraxılacaq.

Newscenter.az Palmali Şirkətlər Qrupuna istinadən xəbər verir ki, Bolqarıstanın Varna şəhərindəki “Terem Shipyard” tərsanəsində olan gəmidə son təmir işləri aparılır. Uzunluğu 140 metr, 17 m genişliyində olan tankerin yükdaşıma qabiliyyəti 7000 dwt-dir.

Qeyd edək ki, Əli Seyran oğlu Nəcəfov 24 may 1998-ci ildə Masallı rayonunun Tüklə kəndində anadan olub. 2016-2020-ci il tarixlərdə Azərbaycan Universitetinin “Maliyyə” fakültəsində «Maliyyə və İqtisadiyyat» ixtisası üzrə ali təhsil alıb.

Azərbaycan Ordusunun əsgəri olan Əli Nəcəfov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda aparılan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Cəbrayılın azadlığı naminə gedən döyüşlərdə savaşıb. Əli Nəcəfov oktyabrın 20-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Əli Seyran oğlu Nəcəfov ölümündən sonra «Vətən uğrunda» və 25 dekabr 2020-ci il tarixli digər Sərəncamına əsasən «Xocavəndin azad olunmasına görə» medalları ilə təltif edilib. Şəhidimiz Masallı rayonunun Tüklə kəndində dəfn olunub.

Xatırladaq ki, Mübariz Mənsimov başda olmaqla “Palmali Holding”in İdarə Heyətinin qəbul etdiyi qərara əsasən, “Palmali Holding”ə məxsus gəmilərin adları dəyişdirilərək, Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin adları veriləcək. Məqsəd şəhidlərimizin adlarını ucaltmaq və dünya sularında tanıtmaqdır. İlk gəmiyə şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adı verilib. “General Polad Hashimov” gəmisi 30 mart tarixində Türkiyədən dünya sularına yola salınıb.

Mehman
Xəbəri paylaş