Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Zəfər tariximizin qəhrəmanları: şəhidlərimiz, qazilərimiz” adlı layihə çərçivəsində tədbirlər yekunlaşıb

“Zəfər tariximizin qəhrəmanları: şəhidlərimiz, qazilərimiz” adlı layihə çərçivəsində tədbirlər yekunlaşıb


Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Zəfər tariximizin qəhrəmanları: şəhidlərimiz, qazilərimiz” adlı layihə çərçivəsində yekun tədbir keçirib.

Newscenter.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Sonra layihə çərçivəsində 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş Nizami rayonunun qəhrəman övladlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış film nümayiş etdirilib.

Çıxış edən layihə rəhbəri Səbinə Novruzzadə deyib ki, Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsinə, Vətən müharibəsi iştirakçılarının tanıdılmasına imkan yaradan layihə çərçivəsində Bakının Nizami rayonunda 5 tədbir keçirilib. Üç ay davam edən layihədə ümumilikdə 500-dək gənc iştirak edib.

Tədbirdə şəhid İlkin Rzayevin həyat yoldaşı Zeynəb Rzayeva, şəhid Kənan Süleymanlının atası Sadıq Şirəliyev, qazi Mirşahin Cəlali, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları çıxış edərək şəhidlərin, qazilərin, müharibə iştirakçılarının şücaətindən, döyüş yolundan, eləcə də müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən danışıblar.

Bildiriblər ki, 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. Çıxış edənlər şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda təltifetmə mərasimi keçirilib, şəhid valideynləri, qazilər mükafatlandırılıb, layihə bağlı elan edilib.


Ruhiyyə
Xəbəri paylaş