Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın Brüssel görüşünə bəslədiyi növbəti ümidi də puça çıxdı

Ermənistanın Brüssel görüşünə bəslədiyi növbəti ümidi də puça çıxdı


Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilən görüş başa çatdı.

Görüşə qədər olan dövrdə Azərbaycan konstruktiv mövqe nümayiş etdirərək Ermənistana münasibətlərin normallaşdırılmasına hesablanmış 5 bəndən ibarət sənəd təqdim etmişdi. Ermənistan isə daha çox təxribatlar törədərək Azərbaycanı beynəlxalq qurumlara şikayət yolu seçmişdi.

Onu da qeyd edək ki, Aprelin 5-də Yerevanda müxalifətin mitinqi Brüssel görüşü ərəfəsində Paşinyan hakimiyyəti tərəfindən təşkil edilmiş növbəti tamaşa idi. Burada belə bir haqlı sual yaranır. Niyə bu mitinqlər bu günə kimi keçirilmirdi? Sözügedən mitinq nə üçün Brüssel görüşündən bir gün əvvəl keçirildi? Ermənistan hakimiyyəti kimin başını aldatmaq istəyirdi? Heç şübhəsiz ki, bu mitinqlər ictimai rəyə əsaslanaraq danışıqlar zamanı Paşinayanın özünü mümkün ssenarilərdən sığortalaması məqsədi daşıyırdı.

Məlum olduğu kimi, Ermənistanda bütün rəhbərliklər dövründə danışıqlar prosesini durdurmaq və zaman udmaq üçün bu kimi metodlardan geniş istifadə olunub. Bu bir daha onu göstərir ki, Ermənistanın əsas məqsədi danışıqlar prosesini pozmaq, sülh müqaviləsini imzalamaqdan imtina etməkdir. Bu yanaşma artıq Ermənistanın dövlət siyasətinə çevrilib.

Lakin Brüssel görüşü bir daha göstərdi ki, Paşinyan da, onun Qərbdəki havadarları da çox yaxşı bilirlər ki, artıq Qarabağ problemi həll olunub, geriyə yol yoxdur və əlavə şərtlər irəli sürmək cəhdlərinin heç bir səmərəsi olmayacaq. Gec-tez sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli üzərində işə başlanılacaq. Bu nə qədər tez olsa, Ermənistan üçün bir o qədər yaxşıdır. Azərbaycan heç zaman öz haqlı mövqeyindən bir addım da geri çəkilməyəcək.

Prezident İlham Əliyevlə bütün görüşlərdə olduğu kimi, Paşinyan Aprelinn 6-da Brüssel görüşü zamanı da zərbə aldı. Paşinyan bilməlidir ki, bütün müqavimət cəhdləri növbəti yeni zərbə ilə nəticələnəcəkdir. Ermənistan bunu nə qədər tez anlasa, bir o qədər yaxşı olar. Əgər Ermənistan bunu danışıqlar yolu ilə anlamasa, o zaman dəmir yumruq yenidən işə düşə bilər. Ermənistan 44 günlük müharibədə baş verənlərdən ciddi nəticə çıxarmalıdır.

Beləliklə, Ermənistanın Brüssel görüşünə bəslədiyi növbəti ümidi də puça çıxdı. Həm görüşlərdə, həm də Avropa Şurasının Prezidenti Şarl Mişelin mətbuata açıqlamasında Azərbaycanın mövqeyini dəstəkləyən fikirlər səsləndirildi. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq platformada Azərbaycan növbəti dəfə mövqeyini daha da gücləndirdi. Ermənistan isə bütün cəhdlərə və təxribatlara baxmayaraq növbəti zərbəni aldı, ümidləri puça çıxdı.

Ceyhun Məmmədov-Milli Məclisin deputatı
Xəbəri paylaş