[center][/center
Səyyar ASAN qatar ölkəmizdə geniş dəmiryolu şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşlara xidmət göstərir. Belə ki, ASAN qatar növbəli qaydada ölkədə bütün istiqamətlərdə hərəkət edərək əvvəlcədən təyin olunan yerdə dayanır və əhaliyə xidmət göstərir. Səyyar ASAN qatar gözləmə zalı, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 3 vaqondan ibarətdir.
Newscenter.az Xidmətə istinadən xəbər verir ki, Səyyar ASAN qatar martın 29-dan Astara dəmiryol stansiyasında vətəndaşlara xidmət göstərir. Ümumilikdə Astarada səyyar xidmət 17 dəfə gerçəkləşib. 12 dəfə Səyyar ASAN xidmət avtobusları vasitəsilə 36.688-ə yaxın, 5 dəfə isə ASAN qatar vasitəsilə 9.787-ə yaxın vətəndaş müraciəti daxil olub.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.
2013-cü ildən həyata keçirilən Səyyar ASAN xidmət vasitəsi ilə ümumilikdə 2 milyon 500 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.
Xatırladaq ki, “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün xüsusi təchiz edilən 10 xüsusi avtobus və ASAN qatar səyyar formada əhaliyə xidmət göstərir. Əsas məqsədlər dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Sevinc