Azərbaycan-İran dövlət sərhədində insident olub, bir nəfər zərərsizləşdirilib, bir nəfər axtarılır.
Newscenter.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti (DSX) birgə məlumat yayıb.
Bildirilib ki, aprelin 7-si saat 21:25 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan istiqamətində hərəkəti müşahidə olunub, sərhəd pozucularının hərəkəti nəzarətə götürülüb.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılaraq sərhəd pozucularının təqibinə başlanılıb.
Sərhəd naryadının “Dayan” əmrinə və havaya xəbərdarlıq atəşinə məhəl qoymayan sərhəd pozucuları sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin qəsdən öldürülməsinə cəhd ediblər.
Sərhəd naryadı tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq silah tətbiq edilib, sərhəd pozucularından biri zərərsizləşdirilib, digəri saxlanılıb, 1 nəfər isə havanın qaranlıq şəraitindən istifadə edib sərhəd naryadına qarşı silahlı müqavimət göstərməklə gizlənib. Hazırda onun saxlanılması istiqamətində axtarış qrupları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Zərərsizləşdirilmiş sərhəd pozucusunun yanında AKM tipli "Kalaşnikov" avtomatı, 2 ədəd bağlamadan 24 kiloqram 730 qram narkotik vasitə (9915 qram marixuana, 10 650 qram heroin, 85 qram tiryək, 4 080 qram metamfetamin) və 300 ədəd metadon 40 psixotrop tərkibli həblər aşkar olunaraq götürülüb. Saxlanılan sərhəd pozucusu özünü İran vətəndaşı Piran Behzat Məhəmməd olaraq təqdim edib.
Baş verən hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi məlumatlandırılıb.
Sərhədçilərin qəsdən öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı Baş Prokurorluq birgə istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirir.