İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Yevlax KOB evi” fəaliyyətdə olduğu 1 il ərzində sahibkarlara 34 996 xidmət göstərib.
Newscenter.az Agentliyə istinadən xəbər verir ki, bunlardan 32 905-i “G2B”, 2 901-i isə “B2B” xidmətlərdir.
Göstərilən xidmətlərdən sahibkarların məmnunluq səviyyəsi 99%-dir.
Hazırda “Yevlax KOB evi”ndə sahibkarlara 9 dövlət qurumu 150 “G2B”, 5 özəl şirkət isə 70 zəruri “B2B” xidmətlər göstərir. Sahibkarlar ötən bir ildə daha çox vergi və kommunal xidmətlərlə bağlı “Yevlax KOB evi”nə müraciət ediblər. “Yevlax KOB evi”ndə sahibkarlara vergi və kommunal xidmətlərlə yanaşı, biznes fəaliyyəti ilə bağlı lazım olan biznesin qeydiyyatı, sahibkarlıq fəaliyyəti üçün lisenziyalar və mənşə sertifikatı, əmlakın dövlət reyestrindən çıxarışı, aqrar sahə üzrə subsidiyalar, açıq məkanda reklamın yerləşdirilməsinə icazə, qida təhlükəsizliyi sertifikatı, bank və s. xidmətlər göstərilir.
“Yevlax KOB evi”nin xidmətlərindən daha çox Yevlax, Bərdə, Mingəçevir və Ağdaşdan olan sahibkarlar istifadə ediblər.
KOB evləri KOBİA-nın struktur bölməsidir. Hazırda Xaçmaz və Yevlax şəhərlərində olmaqla iki KOB evi fəaliyyət göstərir. KOB evlərinin əsas üstünlüyü sahibkarların biznes xidmətlərini vahid məkanda alması, bununla vaxtına və əməliyyat xərclərinə qənaət etməsi, sahibkarlara göstərilən xidmət səviyyəsinin ölçüləbilən olmasıdır.
Sevinc