Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Brüssel görüşü Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində növbəti uğur oldu

Brüssel görüşü Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində növbəti uğur oldu


“Sirr deyil ki, son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yeni inkişaf səviyyəsinə yüksəlib. Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun artması, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmasların olması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması, predmetli danışıqlara başlanması, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli istiqamətində əməli addımların atılması haqqında danışılan münasibətlərin mühüm faktorlarıdır”.

Newscenter.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir:

“Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Son iki ayda Azərbaycan Prezidenti ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, Prezident İlham Əliyevə ünvanlanmış məktublar dövlət başçımızın dünyada böyük nüfuzunun göstəricisidir. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir”.

“Brüssel görüşü Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğuru oldu” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Avropa İttifaqı dünyada mövcud olan ön böyük siyasi və iqtisadi mərkəzlərdən biridir və onun məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır:

“Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yaranmış Brüssel sülh gündəliyi çərçivəsində keçirilmiş növbəti görüşdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məhz, sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Eyni zamanda, tərəflər sərhəd məsələləri üzrə birgə komissiya yaradıb, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunub. Avropa İttifaqının dəstəyi ilə işğaldan azad olunmuş ərazilərin minalardan təmizləməsi, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərilməsi, həmçinin nəqliyyat-kommunikasiya xətlərinin bərpası, yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması da qərara alınıb. Bütün bunlarla yanaşı xüsusi məqam olaraq qeyd edilməlidir ki, Brüsseldə əldə olunmuş razılaşmada “Dağlıq Qarabağ” ifadəsi keçmir və keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu həmsədrlik institutuna istinad yoxdur. Sözügedən fakt da onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır. Münaqişə həll olunduğuna görə ATƏT-in Minsk Qrupu lazımsız təsisata çevrilib. Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranıb. Bir sözlə, aprelin 6-da baş tutmuş Brüssel görüşü Azərbaycanın növbəti diplomatik uğuru kimi tarixə düşdü. Məhz, hazırda Ermənistanda gedən proseslər və erməni cəmiyyətində hökm sürən əhval-ruhiyyə də onu göstərir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir və Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayır”.

Ruhiyyə
Xəbəri paylaş