"Bu günlərdə Salyan rayonunda Birinci Qarabağ müharibəsi qaziləri və veteranları ilə görüşdüm. Görüş iştirakçıları (52 nəfər) şikayət və təkliflərlə çıxış etdilər, onları narahat edən problemləri səsləndirdilər".
Newscenter.az xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabında məlumat verən Millət vəkili Jalə Əhmədova qeyd edib ki, veteranlar Birinci Qarabağ müharibəsində keçdikləri döyüş yollarından da danışıb, qeyri-bərabər döyüş şəraitində, Vətənin azadlığı uğrunda son damla qanına kimi döyüşdüklərini, silah-sursat çatışmazlığı üzündən bəzən düşmənin üzərinə əliyalın belə getdiklərini vurğulayıblar:
"Görüşdə hər bir iştirakçını ayrı-ayrılıqda dinlədim. Bildirdim ki, Birinci Qarabağ müharibəsində o vaxtki dövlət rəhbərlərinin qeyri-peşəkarlığı, səriştəsizliyi və məsuliyyətsizliyi səbəbindən məğlub olsaq da, İkinci Qarabağ müharibəsini Möhtəşəm Zəfərlə başa vurduq. Məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vaxtında qəbul etdiyi müdrik və qətiyyətli qərarlar, Rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti və döyüş hazırlığı sayəsində Qarabağımız 30 illik işğaldan qurtularaq azadlığına qovuşdu".
Deputat veteran və qazilərimizin diqqətinə onu da çatdırıb ki, Vətənimizin azadlığı uğrunda mübarizə aparmış hər bir şəxs və onların ailəsi daim dövlət rəhbərliyimizin diqqət mərkəzindədir və dövlətimizin siyasətinə uyğun olaraq bu yolda bacardığı köməkliyi əsirgəməyəcəək.
Ruhiyyə