Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nəsib Məhəməliyev: "Dövlətimizin apardığı ardıcıl siyasət sülh sazişini daha da yaxınlaşdırır"

Nəsib Məhəməliyev: "Dövlətimizin apardığı ardıcıl siyasət sülh sazişini daha da yaxınlaşdırır"


Brüssel görüşü Azərbaycan diplomatiyasının növbəti qələbəsidir. Eyni zamanda, görüşdə əldə olunmuş nəticələr də Prezident İlham Əliyevin beynəlxalq nüfuzunun göstəricisi kimi qiymətləndirilməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev söyləyib.

Deputat qeyd edib ki, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən dörd saatlıq görüşün nəticəsi olaraq bəyannamə qəbul olunub. Bəyannamə ölkəmizin milli maraqlarına tam cavab verir. Bu formatda ilk görüş 2021-ci il dekabrın 14-də keçirilib və dünənki görüşün nəticələri bir daha göstərdi ki, Aİ regionda gərginliyin azaldılmasında, dayanıqlı sülhün yaranmasında və Azərbaycanın ərazi bütövlüyünün qorunmasında maraqlıdır.

“Brüsseldə qəbul edilən Bəyannamədə Ermənistan tərəfinin daim istinad etdiyi Minsk qrupu, “Dağlıq Qarabağ” konflikti terminlərinə keçən ilki görüşlərdə olduğu kimi yer verilmədi. 44 günlük Vətən müharibəsindən sonra sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycanın irəli sürdüyü 5 prinsipial şərti özündə ehtiva edən təkliflər Avropa İttifaqı tərəfindən də dəstəkləndi”, - deyə N.Məhəməliyev vurğulayıb.

O əlavə edib ki, görüşdə xarici işlər nazirlərinə sülh müqaviləsi üzrə danışıqlara başlanılması üçün müvafiq təlimatlar da verilib. Aİ-nın işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsinə, itkin düşmüş şəxslərin tapılmasına, bərpa-quruculuq işlərində dəstəyi alqışlanmalıdır. Eyni zamanda, nəqliyyat-kommunikasiya xətlərinin bərpası, dəmir yolu, avtomobil yollarının tikintisi və iqtisadi məşvərət şurasının yaradılması da müsbət addımlardandır. Brüssel görüşünün nəticələrinə görə deyə bilərik ki, həm Azərbaycan, həm də Ermənistan Avropa İttifaqının qərəzsizliyinə inanır və etibar edir. Ələlxüsus hazırkı vəziyyətdə Azərbaycanın Ermənistandan fərqli olaraq, Aİ üçün son dərəcə əhəmiyyətli dövlət olması beynəlxalq birlik tərəfindən qəbul olunur. Beləliklə, dövlətimizin apardığı ardıcıl siyasət sülh sazişini daha da yaxınlaşdırır.
Xəbəri paylaş