Saatlı və Zərdab Rayon Polis Şöbələri tərəfindən narkomaniyaya qarşı mübarizə çərçivəsində məktəblilər üçün maarifləndirmə tədbirləri keçirilib.
Newscenter.az xəbər verir ki, Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə F.Şıxaliyev adına Kamallı kənd orta məktəbində “Narkomaniyaya yox deyək” və “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları, eləcə də Kamallı və Hacıqasımlı kənd orta məktəblərinin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Azər Tağıyev məktəblilərə narkotik vasitələrin zərərlərindən danışıb. Bildirib ki, rayon ərazisində bu maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı qətiyyətli tədbirlər görülür və cinayət əməli ilə məşğul olan hər bir şəxs saxlanılaraq məsuliyyətə cəlb edilir. “Erkən nikah və onun fəsadları” mövzusunda da çıxış edən şöbə rəisi, yeniyetmə vaxtlarında gənclərin ailə həyatı qurmalarının yolverilməz olduğunu, bu cür halların gənc ailələrdə problemlər yaratdığı barədə məlumatlar verib.
Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
XXX
Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Zərdab şəhəri 3 saylı tam orta məktəbdə «Narkomaniyaya yox deyək!» mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən rəis müavini polis, polkovnik-leytenantı İkram Əhmədov çıxış edərək dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb. Eləcə də “ağ ölümün” qurbanına çevrilənlərin sağlam həyata qayıtmasının da çox çətin olduğunu vurğulayıb. Narkomaniyanın tək ölkəmiz üçün deyil, bütün dünya üçün təhlükə mənbəyi olduğunu və narkomaniyaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışaraq son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib.
Tədbirin sonunda narkomaniyanın cəmiyyətə zərərlərini əks etdirən videoçarx nümayiş olunub.
Mehman