Millət vəkilləri ilə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev arasında görüş keçirilib.
Newscenter.az xəbər verir ki, Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Könül Nurullayeva, Tamam Cəfərova, Rəşad Mahmudov, Müşfiq Məmmədli, Sədaqət Vəliyeva, Etibar Əliyev, Rauf Əliyev və Kamilə Əliyevanın iştirakı ilə baş tutan görüş zamanı ilk olaraq, Fondun fəaliyyət istiqamətləri, hədəf və prioritetləri barədə məlumat təqdim olunub. Daha sonra 2021-2022-ci tədris ilinin payız semestri üzrə rəsmiləşdirilmiş təhsil tələbə kreditlərinə dair hesabat nümayiş etdirilib və millət vəkilləri Fondun ümumi fəaliyyətinə dair təkliflərini irəli sürüblər. Vətəndaşlar tərəfindən təhsil tələbə kreditlərinin alınmasına dair daxil olan müraciətlərə baxılması, emalı, operativ cavablandırılması ilə bağlı deputatlarla Fond arasında müvafiq əməkdaşlıq formatı da müəyyən edilib.
Qeyd edək ki, millət vəkili Könül Nurullayeva çıxışı zamanı vətəndaşlarımız, xüsusilə gənclərimiz üçün unikal imkanlara malik olan Fondun daha geniş kütləyə tanıdılmasının və xüsusi kommunikasiya strategiyasının hazırlanmasının vacibliyindən danışıb. Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2021-ci il tarixli Fərmanı ilə təsis edilmiş Fondun fəaliyyət istiqamətləri barədə maarifləndirmənin isə çox önəmli olduğunu vurğulayıb.
"Təhsilə əlçatanlığın artırılması məqsədilə ölkənin ali və orta təhsil müəssisələrində, idarələrində və digər aidiyyəti strukturlarında təbliğat xarakterli tədbirlərin təşkil olunması mütləqdir", - deyə K.Nurullayeva əlavə edib. Bildirib ki, bu tədbirlərdə maarifləndirmə məsələlərinə də xüsusi diqqət yetirilməlidir.
Ruhiyyə