Aqrar Sığorta Fondu ölkədə ilk dəfə olaraq qoz bağlarını sığorta etməyə başlayıb. Newscenter.az Fonda istinadən xəbər verir ki, əkin sahələrində olduğu kimi, qoz bağları üzrə də sığorta haqqının yarısını fermerlərə dəstək üçün dövlət ödəyir.
Aqrar sığorta qoz bağlarını çoxsaylı risklərdən qoruyur. Bura dolu, donvurma (şaxtavurma), sel-su basma, leysan, ildırım, yanğın, qasırğa, fırtına, normadan artıq yağan qar, doluvurmadan keyfiyyət itkisi, bitki xəstəlikləri və ziyanvericilər, üçüncü şəxslərin hərəkətləri və sair hallar aiddir.
Qoz bağlarının sahibləri onu baza sığorta zərfi ilə yanaşı, ayrıca olaraq donvurma (şaxtavurma) halından, bitki xəstəlikləri və zərərvericilərdən, eləcə də ağacların özünü ayrı-ayrılıqda sığorta edə bilərlər.
Qoz Azərbaycanın demək olar ki, bütün ərazilərində yetişdirilir. Ölkədə ümumilikdə 6212 hektar qoz bağı var. Azərbaycanda ən çox qoz bağları Şəki-Zaqatala bölgəsindədir. Ölkədəki 6,2 min hektar qoz bağının 2,4 min hektarı və ya 40%-i bu bölgədədir.
Ölkədə ən çox qoz bağı Oğuz (687 hektar), Şəki (636 hektar) və Zaqatala rayonundadır (525 hektar). Bundan başqa qoz bitkisi Quba-Xaçmaz və Dağlıq Şirvan bölgələrində də aktiv becərilir. Quba rayonunda 528 hektar, İsmayıllı rayonunda 493 hektar qoz bağı var. Naxçıvan Muxtar Respublikasındakı 437 hektar qoz bağının yarıdan çoxu iki rayonda – Şahbuz (149 hektar) və Ordubadda (94 hektar) cəmləşib.
Qoz - son illər Azərbaycanda biznes məqsədilə ən çox əkilən bitkilər sırasındadır. Təsadüfi deyil ki, 6,2 min hektar qoz bağının 4 535 hektarı ənənəvi üsulla əkilib. 1678 hektar və ya bütün bağların 27%-i isə intensiv və superintensiv bağdır.
Qoz bağlarının baza sığorta zərfi ilə sığortası tarifi ölkənin ayrı-ayrı regionları üzrə fərqlidir və 2,08%-4,20% arasında dəyişir. Bu bitkinin ən çox əkildiyi Şəki-Zaqatala bölgəsində sığorta tarifi 3,89% təşkil edir. Hesablanan sığorta haqqının 50%-ni fermerə dəstək üçün dövlət ödəyir
Sevinc