Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jalə Əhmədova: “Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacaq”

Jalə Əhmədova: “Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacaq”


Bu gün cənab İlham Əliyevin 2018-ci il aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 4 ili tamam olur. Həmin tarixdə Azərbaycan xalqı öz iradəsini nümayiş etdirərək yenidən cənab İlham Əliyevi ölkənin Prezidenti vəzifəsinə seçməklə, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs verdi.

Xalqın seçimini Prezident İlham Əliyevin xeyrinə müəyyən etmiş amillərdən danışarkən, ilk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermiş, görülən işlərə səs vermişdir. Belə ki, cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçmiş, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənmiş, dövlətimiz güclənərək onun qüdrəti və iqtisadiyyatı daha da artmışdır. Azərbaycanın beynəlxalq müstəvidə də mövqeyi xeyli dərəcədə güclənmiş, insan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olmuşlar.
2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və qazanılmış diplomatik uğurlar, Azərbaycanın BMT, Avropa Şurası, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır.

2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə həm də ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu.

Vurğulamaq yerinə düşərdi ki, 2003-2018-ci illər Azərbaycanın ən yeni tarixinə böyük iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu dövrdə Ümumi Daxili Məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artaraq maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə yüksəlib. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. Bu dövrdə ölkəmizdə 1 958 400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enmiş, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunmuşdur.

2003-2018-ci illər ərzində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur inkişaf edib, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Qeyd olunan rəqəmlər onu göstərir ki, sosial siyasət ölkə rəhbərliyinin daimi diqqət mərkəzindədir.

Qeyd etmək lazımdır ki, 2003-2018-ci illərdə Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini də xeyli gücləndirmişdir. Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 35-ci pillədə qərarlaşıb və MDB məkanında liderliyini qoruyub saxlayıb. Bundan başqa, Azərbaycan dünyanın ən çox islahat aparan 10 ölkəsindən biri kimi tanınaraq, innovasiya potensialına görə dünyada 44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi üzrə 14-cü olub. Ölkə ərazisində internetin tətbiqi genişləndirilib və internet istifadəçiləri əhalinin 78 faizini təşkil edib. Azərbaycanda yüksək texnologiyalar sürətlə inkişaf etmiş və ölkəmiz dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil olmuşdur.

2003-2018-ci illər ərzində ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyilə azad sahibkarlığa da yaşıl işıq yandırmışdır. Belə ki, sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmiş, minlərlə yeni müəssisə yaradılmış və qeyri-neft sektorunun inkişafı təmin olunmuşdur.

İqtisadiyyatın neft-qaz sektoru da əsaslı şəkildə inkişaf etmişdir. 15 il ərzində sözügedən sahəyə xüsusi diqqət göstərilirdi. Belə ki, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildikdən sonra ölkə böyük gəlirlər əldə etməyə başladı. 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri isə Azərbaycanı qaz ixrac edən ölkəyə çevirdi.

2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulmuş, 2018-ci il 29 may tarixində isə Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub.

2003-2018-ci illər həm də milli maraqların qorunmasına xidmət edən strateji nailiyyətlər dövrü olmuşdur. Azərbaycan Ordusu sürətli inkişaf dövrü keçərək təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından güclü ordular sırasına daxil olmuşdur. 2016-cı ilin aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.

2003-2018-ci illər ərzində Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmiş, ölkə daxilində enerji təminatı əsaslı şəkildə yaxşılaşdırılaraq 30-dan çox elektrik stansiyası tikilmişdir.

Bu illər ərzində yol və nəqliyyat infrastrukturu da sürətlə inkişaf etdirilmişdir. Həmin illər ərzində ölkəmizdə 15 min kilometr yeni yol çəkilişi təmin edilmiş, yeddi aeroport tikilmiş, Xəzər dənizində ən böyük yeni ticarət limanının inşasına başlanmış, dəmir yolu infrastrukturu yenilənmişdir. Bundan başqa, ölkə əhalisinin içməli su ilə təminatının yaxşılaşdırılması, həmçinin kənd təsərrüfatının inkişafı istiqamətində böyük meliorasiya tədbirləri görülmüş, dörd böyük su anbarı tikilmişdir.

2003-2018-ci illərdə idman sahəsində də böyük uğurlar əldə olunmuşdur. İdmançılar 15 il ərzində Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında böyük qələbələr qazanmışlar. Azərbaycan həmin illərdə 7 Olimpiya Oyunlarında iştirak etmiş, Avropa Oyunlarında ikinci yerə, İslam Həmrəyliyi Oyunlarında isə bütün müsəlman ölkələri arasında birinci yerə nail olmuşdur. Rio de Janeyro Olimpiya Oyunlarında isə Azərbaycan medalların sayına görə 14-cü yeri tutmuşdur.

Bütün bunlar əminliklə deməyə əsas verir ki, ölkəmiz bundan sonra da cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə stabil və sürətli inkişafına davam edəcək, daha böyük uğurlara imza atacaqdır.

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş