2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri sayca Azərbaycanda 8-ci rəsmi seçki oldu. Ölkəmizin başçısı İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Tam əminliklə deyə bilərik ki, seçkinin nəticəsi bir daha göstərdi ki, İlham Əliyev Azərbaycan xalqının əksəriyyətinin dəstəyini qazanmış Prezident olub.
Demək olar ki, vətəndaşlarımız 2003 -2018 ci illəri əhatə edən bir dövrdə həyata keçirilən tədbirlər yüksək qiymət verib, görülən işlərə səs verdi. Bunu inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə verilmiş səs kimi qiymətləndirsək daha doğru olar. 2003-2018-ci illər Azərbaycan idarəçilik tarixinə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olub. Əhalinin gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə artıb. 1 958 400 yeni iş yeri açılıb, işsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enib. Mən 2003-2018-ci illəri milli maraqların qorunmasına xidmət edən strateji nailiyyətlər dövrü kimi də xarakterizə edərdim. Prezident İlham Əliyev xalqı vahid milli ideya ətrafında birləşdirdi. Bunun bariz nümunəsi 44 günlük Vətən müharibəsidir.
Bu illər eyni zamanda Azərbaycan Ordusunun sürətli inkişaf dövrüdür. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasına daxil olub. 2016-cı ilin Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Həmçinin, həmin illər ərzində əldə olunmuş iqtisadi inkişaf və aparılan effektiv xarici siyasət nəticəsində Ermənistan bütün regional layihələrdən təcrid olundu.
Aprel döyüşlərindən sonra ordu quruculuğuna daha çox diqqət ayrıldı. Bütün bu iqtisadi-sosial naliyyətlərin nəticəsi olaraq 2020-ci ilin noyabrında 30 illik vətən həsrətinə son qoyuldu, doğma Azərbaycanımızın ərazi bütövlüyü bərpa olundu. Bu gün dövlət başçısının yürütdüyü xarici siyasət xalqımızın maraqlarının, milli mənafelərimizin təmin olunmasına, ölkəmizin nüfuzunun, dünya siyasətində rolunun artmasına xidmət edir. Cənab Prezidentin başçılığı ilə həyata keçirilən müstəqil siyasət bütün beynəlxalq müqavilə və layihələrdə milli maraq və gəlirlərimizin qabarıq əks olunmasını təmin edir.
Azərbaycan dövlət başçısının apardığı siaysətin nəticəsidir ki, dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə edilir. Cənab Prezident mətbuata açıqlamasında qeyd etmişdi ki: “Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik. Deyə bilərəm ki, buna müvəffəq olmuşuq”. Doğrudan da, Azərbaycan xarici siyasətində milli maraqların tələb etdiyi şəkildə davranır. Hazırda dövlətlər arasında ziddiyyətlər kəskinləşir, müttəfiqlər arasında münasibətlər pozulur, bunu dünyanın müxtəlif yerlərində müşahidə etmək mümkündür. Azərbaycan isə yerləşdiyi regionda sabitliyin, sülhün qarantına çevrilən yeganə güc dövlətdir.
Müşfiq Cəfərov
Milli Məclisin deputatı