İtaliyanın Roma şəhərində yeni yaradılan Süni Zəka üzrə Komitənin (CAI) ilk plenar iclası keçirilib.
Newscenter.az xəbər verir ki, fiziki və onlayn formatda təşkil olunan beynəlxalq tədbirdə Avropa Şurasına üzv ölkələrin nümayəndə heyətləri iştirak ediblər. Tədbirdə ölkəmizi Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov təmsil edib.
Plenar iclas çərçivəsində keçirilən müzakirələrdə süni intellektin tənzimlənməsi, insan haqlarının və uşaqların hüquqlarının qorunması, demokratik prinsiplərə riayət olunması kimi mövzularla bağlı fikir mübadiləsi aparılıb.
2019-cu ildə Avropa Şurasının Nazirlər Komitəsinin Süni İntellekt üzrə Komitəsi (Ad hoc Committee on Artificial Intelligence - CAHAI) yaradılıb. Komitə fəaliyyəti dövründə süni intellekt üzrə texniki-iqtisadi əsaslandırma, qanunvericilik və digər istiqamətlər üzrə araşdırmalar aparıb. Avropa Şurasının müvafiq mandatını başa vurmuş CAHAI-nin işini növbəti illərdə davam etdirmək üçün təşkilatın Nazirlər Komitəsinin tabeliyində Süni Zəka üzrə daimi Komitə təsis edilib. Komitənin qarşısına qoyulan əsas məqsəd qanun layihəsi hazırlayaraq Nazirlər Komitəsinə təqdim etməkdir. Hazırlanacaq qanun layihəsi süni intellekt sahəsinin və maraqlı tərəflərin dairəsinin tənzimlənməsi, habelə koordinasiyasını əhatə edəcək.
Sevinc