Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində "Gamepons" və "WePlay Ventures" şirkətlərinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq oyun tərtibatçıları üçün “Demo day” keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirdə həm yerli, həm də beynəlxalq investorlar olan dövlət qurumlarının və özəl şirkətlərin rəhbər vəzifəli şəxsləri, “INNOLAND”in rezidenti olan və digər startaplar iştirak ediblər.
“Demo day”də "FM Studio", "Metamad Studio", "Seven Heart Stories" və "Return Game Studio" startapları investorlar qarşısında təqdimatlarında keçdikləri inkubasiya və akselerasiya proqramı ərzində layihələrin necə inkişaf etdiyi, hazırda layihələrin hansı mərhələdə olduğu, gələcək hədəfləri və zəruri olan investisiya ehtiyacları haqqında məlumat veriblər.
“Demo Day”in keçirilməsində məqsəd maliyyə ehtiyacı olan startaplar və sərmayə qoymaq istəyən investorları bir araya gətirmək və tərəflər arasında sağlam mühitdə davamlı əlaqələrin qurulmasına dəstək göstərməkdir.
Oyun tərtibatçılarını və studiyalarını dəstəkləyən icma qurucusu və inkubasiya mərkəzi "Gamepons", "WePlay Ventures"dan Azərbaycanda və Mərkəzi Asiyada oyun ekosistemi qurmaq, oyun startapları inkubasiya etmək, müxtəlif beynəlxalq konfrans və tədbirlər keçirmək üçün investisiya alıb. "Gamepons" müxtəlif tədbirlər və konfranslar vasitəsilə xarici təcrübəni Azərbaycana gətirməklə yanaşı, həm də oyun studiyaları ilə əməkdaşlıq edərək onların inkişafına köməklik göstərir.
"Weplay Ventures" isə Şərqi Avropa və Mərkəzi Asiyada ilkin mərhələdə oyun studiyalarına sərmayə qoyur.
Sevinc