Ölkə başçısı cənab İlham Əliyevin Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul etməsi Azərbaycanda idmana verilən böyük qiymətin növbəti göstəricidir. Mart ayının 17-də isə cənab Prezident İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul etmişdi. Ölkə başçısının cəmi 21 gün ərzində ölkə idmançıları ilə 2 dəfə görüşməsi bu sahəyə olan xüsusi diqqət və qayğıdan xəbər verir. Ümumiyyətlə, ölkədə hər bir sahəyə cənab Prezidentin xüsusi diqqət və qayğısı mövcuddur və istənilən sahədə əldə edilən uğurlar hər zaman yüksək qiymətləndirilir.
Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri ilə aprelin 8-də görüşərkən cənab Prezident İlham Əliyev onların uğurlarını yüksək qiymətləndirdi və bunun xalqımız üçün böyük sevinc olduğunu qeyd etdi. İstənilən idman növündə Avropada birinci olmağın böyük uğur hesab edildiyini vurğulayan ölkə başçısı eyni zamanda idmançılara bir sıra tapşırıq və tövsiyyələr də verdi. Azərbaycan idmançıları bu gün dünyada müzəffər xalqı təmsil edən idmançılardır. Bu, bir fəxr olmaqla bərabər həm də məsuliyyətdir. Hər bir idmançı, ümumiyyətlə peşəsindən aslı olmayraq hər bir şəxs öz sahəsində daha məsuliyyətli olmalı, ölkəmizi bundan sonra da layiqincə təmsil etməlidir.
Görüş zamanı iki il sonra Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına diqqət çəkən cənab Prezident İlham Əliyev bu beynəlxalq əhəmiyyətli tədbirdə Azərbaycanın daha böyük uğurlar qazanması üçün idmançılarımızın daha ciddi cəhdlə çalışmalı olduqlarını onların diqqətinə çatdırdı. Cənab Prezidentin idmançılara verdiyi mühüm bir tövsiyyə isə o oldu ki, onlar hər zaman ləyaqətli olmalı və hər zaman ədalətə əsaslanmalıdırlar. Vətən müharibəsi günlərində Azərbaycan dövlətinin bu prinsiplər əsasında böyük Zəfərə imza atdığını nümunə göstərən ölkə başçısı Azərbaycan xalqının ləyaqətli və ədalətli xalq olduğunu qeyd etdi. İdmançılarımız da bu prinsiplərə sadiq qalmalı, idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etməlidirlər. Çunki, idmançılarımız dünyada Azərbaycan xalqını təmsil edirlər.
Bu gün ölkədə idmana göstərilən dövlət qayğısı nəticəsində güclü, sağlam və vətənpərvər gənc nəsil yetişir. Güclü, sağlam, vətənpərvər, ədalətli, ləyaqətli gənclər isə Azərbaycanı dünyada hər bir sahədə uğurla təmsil edir, davamlı qələbələrə imza atırlar.
Anar Şahmuradov
YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı