Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 07.04.2022-ci il tarixli 147 nömrəli Qərarı yanlış şərh edilərək hansısa məhsulların gömrük rüsumlarının dərəcələrinin dəyişdirilməsi ilə bağlı məlumatlar verilir.
Newscenter.az DGK-ya istinadən xəbər verir ki, “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyaya əsasən Harmonikləşdirilmiş Sistemdə mövcud uyğunsuzluqların, çatışmazlıqların aradan qaldırılması, həmçinin yeni mal mövqelərin sinifləşdirilməsi məqsədilə Ümumdünya Gömrük Təşkilatının Harmonikləşdirilmiş Sistem Alt Komitəsinin iclaslarında üzv ölkələrin, beynəlxalq təşkilatların və müstəqil ekspertlərin iştirakı ilə dəyişikliklər və düzəlişlər edilməklə yeni versiya nəşr edilir.
2022-ci ildən Ümumdünya Gömrük Təşkilatının üzv dövlətlərində tətbiq edilməsi nəzərdə tutulan Harmonikləşdirilmiş Sistemin 2022-ci il variantı (7-ci nəşr) Gömrük Əməkdaşlıq Şurasının 28.09.2019-cu il tarixli Tövsiyəsinə uyğun olaraq təsdiq edilmişdir.
HS 2022 – dünya ticarətinin strukturundakı, həmçinin sosial və ekologiya məsələləri üzrə qlobal dəyişikliklər nəzərə alınmaqla növbəti 5 illik dövrü əhatə edərək 351 yarımmövqe üzrə düzəlişi özündə əks etdirir.
“Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyaya və göstərilən Konvensiyaya Düzəliş Protokoluna qoşulmaq barədə” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİF MN) üzrə kodların Beynəlxalq Harmonik Sistemin 2022-ci il variantına uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Baş naziri tərəfindən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 07.04.2022-ci il tarixli 147 nömrəli Qərarı imzalanmışdır. Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
Qərarda Azərbaycan Respublikasının Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasının 2-ci (yeyilə bilən, canlı olmayan həşəratlar), 3-cü (balıqlar), 4-cü (yoqurtlar), 7-ci (göbələklər), 12-ci (toxumlar),15-ci (yağlar və piylər), 16-cı (həşəratlardan hazır məhsullar), 20-ci (şirələr), 22-ci (alkoqolsuz içkilər), 24-cü (tütün məmulatları), 28-ci ( radiaktiv izotoplar), 29-cu (karbohidrogenlərin törəmələri), 30-cu (dərmanlar), 32-ci (boyayıcı preparatlar), 34-cü (səthi-aktiv maddələr), 38-ci (kimyəvi məhsullar), 44-cü (oduncaq məmulatları), 57-ci (döşəmə örtükləri), 62-ci (pambıq ipliyindən məmulatlar), 68-ci (karbon liflərdən parça), 70-ci (şüşə lifindən hazırlanmış məmulatlar), 71-ci (almazlar), 74-80-ci (əlvan metallar), 84-cü (avadanlıqlar, qurğular və robotlar), 85-ci (elektrik avadanlıqlar və led panellər), 87-ci (nəqliyyat vasitələri), 88-ci (pilotsuz uçan avadanlıqlar), 89-cu (qayıqlar və katerlər), 90-cı (lazer diodları və cihazlar), 94-cü (döşək, çarpayı və mebellər), 95-ci (əyləncə və su parkı attraksionları), 97-ci ( incəsənət əsərləri və əntiq əşyalar) mal qruplarında müvafiq dəyişikliklər və düzəlişlər edilmiş, müxtəlif mal mövqeləri üzrə kodlar Harmonikləşdirilmiş Sistemin 2022-ci il versiyasına uyğunlaşdırılmışdır.
Eyni zamanda bildiririk ki, sözügedən sənəddə gömrük rüsum dərəcələrində dəyişikliklər həyata keçirilməmişdir.
Harmonikləşdirilmiş Sistemin 2022-ci il versiyasının Azərbaycan Respublikasında tətbiqi xarici ticarət əməliyyatları üzrə statistik məlumatların şəffaflığının artırılmasına, yeni texnologiyaların və nou-hauların tətbiqi nəticəsində yaradılmış malların beynəlxalq ticarətin strukturunda etdiyi qlobal dəyişikliklər nəzərə alınmaqla ticarətin asanlaşdırılmasına və bütövlükdə gömrük-biznes əlaqələrinin optimallaşdırılması prosesinə təkan verəcəkdir.
Sevinc