14 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin "Gələcək üçün bacarıqlar: Gələcək üçün birgə" adlı hesabat tədbiri təşkil olunub.
Newscenter.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Texnologiya Universitetinin prorektoru Yaşar Ömərov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Xəzər Universitetinin rektoru İradə Xəlilova, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov və digər şəxslər iştirak ediblər.
"Gələcək üçün bacarıqlar” layihəsi, mentorluq və “Tusi - 2 C” inkubasiya proqramları barədə hesabat təqdim olunub. Təhsildə innovasiya fəaliyyətinin təşkili, tələbələrin və müəllimlərin bilik və bacarıqlarının artırılması və s. istiqamətlərdə fikirlər səsləndirilib, layihə çərçivəsində həyata keçirilmiş və yeni başlayacaq işlər barədə məlumat verilib.
Sonra səmərəli fəaliyyəti ilə fərqlənən və mentorluq proqramını uğurla başa çatdıran müəllimlərə, əməkdaşlara sertifikatlar təqdim olunub.
Tədbir zamanı, həmçinin “Gələcək üçün bacarıqlar” layihəsinə yeni qoşulan universitetlərlə Anlaşma Memorandumu imzalanıb.
Sonda təşkil olunan “İnnovasiyalar ekosistemi: gələcəyə körpü” mövzusunda panel müzakirədə innovasiya ekosisteminin davamlılığının təşkili prosesində təhsil müəssisələrinin rolu, biznes nümayəndələrinin bu fəaliyyətdə aktiv iştirakı, mentorluq fəaliyyətinin önəmi və s. məsələlərə toxunulub.
Xatırladaq ki, 2021-ci ilin aprel ayından həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan ixtira sahəsinə yönləndirilməsidir.
Layihəyə ilkin mərhələdə 4 universitet - Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Texniki Universiteti, mentor kimi isə 48 müəllim qoşulub. “Gələcək üçün bacarıqlar” layihəsinə bu gündən daha 9 ali təhsil müəsisəsi qoşulub. Bunlar Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Texnologiya Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Biznes Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Xəzər Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universitetidir.
Sevinc