2022-ci ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 2 milyard 802,2 milyon manat vergi daxil olub, proqnoza 123,8% əməl edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 34,4% faiz və ya 716,5 milyon manat artıb.
Newscenter.az-a daxil olan məlumata görə, qeyri-neft-qaz sektorundan daxilolmalar 2 milyard 249,4 milyon manat olub, proqnoza 128,6% əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 499,8 milyon manat vəsait daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 48,9% və ya 738,6 milyon manat artıb.
Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə cəmi vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 47,9 faiz artaraq 1 milyard 699,5 milyon manat təşkil edib.
Regionlar üzrə daxilolmalar 262,2 milyon manat olmaqla, proqnoz 114,4 faiz icra edilib, ötən ilin eyni dövrü ilə müqayisədə bu mənbədən daxilolmalar 19,2 faiz artıb.
Ödənilən vergilərin 80,3 faizi qeyri-neft-qaz sektorunun, 19,7 faizi neft-qaz sektorunun payına düşüb.
Sosial sığorta ödəmələri
Sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin şəffaflaşdırılması, əmək müqavilələrinin bağlanması və bu müqavilələrdə əmək haqlarının real məbləğinin əks etdirilməsi məqsədilə qanunvericilikdə stimulların yaradılması nəticəsində ölkənin əmək bazarında muzdlu işçilərin və bağlanmış əmək müqavilələrinin sayında, həmçinin əməkhaqqı fondunda artım qeydə alınıb. Bu artımın böyük hissəsi özəl sektorun payına düşüb.
2022-ci il aprel ayının 1-nə qeyri-neft sektorunun qeyri-dövlət bölməsində bağlanmış əmək müqavilələrinin sayı 779.476 təşkil edib ki, bu da əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 239.554 vahid çoxdur. Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda müşahidə olunan əhəmiyyətli artım əmək bazarında şəffaflaşma proseslərinin göstəricisidir və gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir.
2022-ci ilin yanvar-mart aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 47 milyon 408,3 min manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz və ya 152 milyon 118,3 min manat artıb, daxilolmalar üzrə proqnoz 86 milyon 602,1 min manat artıq icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 19% artaraq 649 milyon 803,9 min manat təşkil edib, proqnoz 118,2% icra olunub.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 16,4% artaraq 35,3 milyon manat olub, proqnoz 112.3% icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18,1% artaraq 25,7 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnoz 122,5% icra olunub.
Qeydiyyata alınmış vergi ödəyiciləri
Cari il aprel ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,7 faiz artaraq 683.231 təşkil edib. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 3,2 faiz artıb və 35.807 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 0,7 faiz artaraq 184.610 təşkil edib.
Onlayn nəzarət-kassa aparatlarının tətbiqi
Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 58.095 ədəd yeni nəsil NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2022-ci ilin yanvar-mart aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 4,3 milyard manatdan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38,1% çoxdur.
Sevinc