"Palmali" Şirkətlər Qrupunun son aylarda ortaya qoyduğu səmərəli fəaliyyət və Vətən müharibəsi şəhidlərinin adına gəmilər istifadəyə verməsi yenidən müəyyən dairələrin narahatçılığına və şirkətin prezidenti Mübariz Mənsimova qarşı əsassız fikirlərin səslənməsinə səbəb olub. Şirkət məsələ ilə bağlı açıqlama yayaraq baş verənlərə münasibət bildirib.
Newscenter.az həmin açıqlamanı təqdim edir:
“Mübariz Mənsimovun həbsdən azad olunmasından 1 ildən çox vaxt ötüb. Amma Mənsimov haqqında yersiz və əsassız söz-söhbətlər səngimək bilmir. Əslində, bu söz söhbət barədə yazmaq niyyətim yox idi. “Palmali” şirkəti “karvan yoluna davam edir” prinsipinə sadiq qalaraq fəaliyyətdədir. Müqəddəs Ramazan ayında başımız yardımlara və iftarlara qarışmışkən, təəssüf ki, mənasız, ucuz, sadəcə, əsəbləri tarıma çəkən bəzi uydurmalara cavab verməli olduq.
“Palmali” İdarə Heyətinin rəhbəri Mübariz Mənsimov gəmilərə şəhidlərimizin adlarını verərkən ağlının ucundan keçirməzdi ki, günlərin birində kimlərsə bu məsələni alətə çevirəcək və ona qarşı istifadə edəcəklər. Bunu edən rəzillər riyakarlığın zirvəsini fəth etdiklərinə sevinə bilərlər. Mənsimovun şəhidlərimizin adlarını əbədiləşdirməsindən və dünya sularında onları təbliğ etməsindən narahat olan bu “adamcığazlar”, əslində, öz hərəkətləri və danışıqları ilə cürümüş antimilli və Vətən, Torpaq anlayışlarından bixəbər olmalarını ortaya qoymuş olurlar. “Palmali Holding” yaranan gündən Azərbaycanın görkəmli şəxsiyyətlərini, bölgələrini və qəhrəmanlarını dünyada tanıtmaq məqsədi ilə gəmiləri suya endirib. Ona görə bu yenilik deyil, “Palmali”nin öz fəaliyyətində daim rəhbər tutduğu müqəddəs dəyərlərdəndir.
Torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnmiş Vətən Müharibəsindən sonra bu məsələyə yenidən baxaraq gəmilərimizin Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin adları ilə adlandırılması qərara alınıb. Təmiz, saf niyyətə söykənən bu təşəbbüslərdən ciddi şəkildə narahat olanlar Azərbaycan xalqının düşmənləridir. Üstəlik, Palmali Holdingin Prezidenti Mübariz Mənsimovun özlərini blogger, yaxud jurnalist adlandıranlara efirdən istifadə edərək söyüş söyməmək çağırışı da çox adamı narahat etdi. Belələri hansısa qruplaşmalara qoşularaq, onlardan maliyyə alaraq və bu cür uydurmaları yaymaqla siyasətə gəldiklərini düşünərək yalan, əsassız xəbərlər yaymağa başladılar. Mənsimov isə əlinizdə olan yayını tanınmış insanların ailə üzvlərinə, xanımlara və qızlara qarşı istifadə etməməyi, söyüşdən uzaq olmağı tövsiyə etmişdi. O, dəfələrlə bəyan edib və indi də təkidlə bəyan edir ki, siyasətə qarışmağa niyyəti olmayıb və yoxdur.
Bir daha deyirəm: sizlərin hara işlədiyiniz bəlli olmasa da, bəlli olan odur ki, Azərbaycanın uğurlarının və Şəhidlərimizin adlarının dünyada tanıdılması sizi əsla sevindirmir. İmkan verin, biz işimizi görək. İmkan verin, dənizçilərimiz vaxtlı-vaxtında evlərinə maaşlarını göndərə bilsinlər. İmkan verin, bacardığımız qədər xeyriyyə işləri ilə məşğul olaq və ölkəmizə, soydaşlarımıza az da olsa, köməyimiz dəysin. Palmali bir dünya markasıdır və ara qarışdırmaqla özünə reytinq qazanmağa çalışan kəslər bu markanın yanında heç toz dənəsi də deyillər. Mübariz Mənsimov isə, sadəcə, azərbaycanlı xeyirsevər iş adamıdır. Bizim işimizdən yazın, yazın ki, bizim gəmilər, gəmiçilər təhlükəli bölgələrdən yağ və taxıl daşıyacaq. Xəbər budur, sizin yaydığınız isə səviyyəsiz dediqodudan başqa bir şey deyil.
Görünür, “Palmali”nin işlərinin qaydaya düşməsi bəzilərini çox narahat etməyə, düşündürməyə başlayıb. Amma fikrimizcə, narahat olmaq üçün heç bir əsas yoxdur. “Palmali” saysız-hesabsız azərbaycanlıların əhatə olunduğu geniş bir ailədir. Bu ailə isə təkcə biznes gəlirlərini yox, onların təhsilini, gələcəyini düşünür. Bizim üçün önəmli olan da məhz budur.