Aprelin 14-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ilə Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Vada Cüniçi arasında keçirilən görüşdə turizm əlaqələrinin genişləndirilməsi və əməkdaşlıq perspektivləri haqqında müzakirələr aparılıb.
Newscenter.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, görüşdə Fuad Nağıyev Yaponiya ilə turizm sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin, eləcə də postpandemiya dövründə turizmin bərpası istiqamətində fəaliyyətlərin intensivləşdirilməsinin vacibliyini qeyd edib.
Müzakirələr çərçivəsində Agentlik sədri cənab səfirə işğaldan azad olunan ərazilərin yeni turizm destinasiyası kimi formalaşması istiqamətində görülən işlər haqqında məlumat verib.
Görüşdə yaponiyalı turistlərin Azərbaycana marağının yüksək olduğunu qeyd edən səfir Vada Cüniçi iki ölkə arasında birbaşa aviauşuşların yaradılmasının, səyahət agentlikləri üçün qarşılıqlı tanışlıq turlarının və B2B (Biznesdən biznesə) tədbirlərin keçirilməsinin önəmi haqqında danışıb.
Səfir “Azərbaycan-Gürcüstan birgə səyahət layihəsi”nin yaponiyalı turistlər üçün məqsədəuyğun olduğunu və layihənin regiona səfərlərin artmasına töhfə verə biləcəyini bildirib.
Müzakirələr zamanı Vada Cüniçi yaponiyalı turistlər arasında turizm potensialının tanıdılması üçün Azərbaycanı Tokioda keçirilən “JATA WTF-2022” beynəlxalq turizm sərgisində iştirak etməyə dəvət edib.
Aprelin 14-də Fuad Nağıyev, həmçinin Qazaxıstanın fövqəladə və səlahiyyətli səfiri cənab Serjan Abdıkarimovla da görüşüb.
Görüşdə Azərbaycan-Qazaxıstan arasında turizm sahəsində əməkdaşlıq imkanları, qarşılıqlı infoturların keçirilməsi, təcrübə mübadiləsinin aparılması, eləcə də Qazaxıstanda fəaliyyət göstərən 11 beynəlxalq hava limanı ilə marketinq layihələri üzrə tərəfdaşlıq müzakirə edilib.
Serjan Abdıkarimov tarixi İpək Yolu mədəni irsi üzrə birgə turistik marşrutların yaradılmasının vacibliyinə toxunub. Səfir bu növ marşrutların hər iki ölkənin mədəniyyətinin və turizm imkanlarının tanıdılmasına dəstək olacağını bildirib.
Müzakirələr çərçivəsində Dövlət Turizm Agentliyinin Qazaxıstanda həyata keçirəcəyi layihələr, Qazaxıstan vətəndaşlarının Azərbaycanda fəaliyyət göstərən turizm mərkəzləri və kurortlara cəlb edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Sevinc