Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çavuşoğlu çağırış etdi: Qarşıdakı aylarda ciddi proseslər gözlənilir

Çavuşoğlu çağırış etdi: Qarşıdakı aylarda ciddi proseslər gözlənilir


“Azərbaycanla Ermənistan arasında qarşılıqlı inam yaradılması istiqamətində addımlar atılacaq”. Bunu dünən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NTV- yə müsahibəsində deyib. O, bildirib ki, Birgə Sərhəd Komissiyasının yaradılması və Azərbaycanın təklif etdiyi sülh müqaviləsi ilə bağlı razılıq əldə olunmalıdır: "Qardaşım Ceyhun Bayramov bizə məlumat verib. Azərbaycan Prezidenti İlham Əliyevlə dövlət başçımız Rəcəb Tayyib Ərdoğan arasında da müzakirələr davam etdir. Biz prosesləri dəstəkləyirik".

Nazir, həmçinin Ankara ilə İrəvan arasında diplomatik münasibətlərin bərpasından danışıb. Və bildirib ki, görüşlərin Türkiyədə keçirilməsinin ziyanı yoxdur. " Üçüncü ölkəyə nə ehtiyac var? Ermənistan daha cəsarətli davranmalıdır" - o bildirib.

İlk növbədə onu deyək ki, son proseslər Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması istiqamətində ciddi addımların atıldığını və İrəvanın bu məsələdə xüsusi maraqlı olduğunu göstərir. Çünki əvvəllər də dediyimiz kimi, Rusiyanın Ukrayna ilə apardığı müharibə Ermənistanı tələsdirir. Ermənistan Baş naziri Nikol Paşinyan yaxşı başa düşür ki, indi onun üçün optimal şərait yaranıb. Əgər rəsmi İrəvan bu fürsətdən yararlanıb lazımi manevrləri edə bilsə həm çoxillik Rusiya təzyiqindən, həm də müharibənin gələcək təsirlərindən xilas ola bilər. Əks halda isə Rusiyanın savaşdan qalib və ya məğlub çıxmasından asılı olmayaraq Ermənistan hakimiyyəti üçün çətin dövr başlayacaq. Paşinyan bunu bilir. Məhz buna görə də vaxt itirmək istəmir.

Birgə Sərhəd Komissiyasının yaradılması və sülh müqaviləsinin imzalanması istiqamətində işlərə başlanması Azərbaycanın əsas tələbləridir. Ermənistan Baş naziri Nikol Paşinyanın və xarici işlər naziri Ararat Mirzoyanın son günlər səsləndirdikləri bəyanatlardan belə məlum olur ki, onlar da bu məsələdə maraqlıdırlar. Deməli, yaxın vaxtlarda daha ciddi hadisələrin şahidi olmağımız tamamilə mümkündür. Hər halda yay aylarınadək regionun taleyinə dair çox ciddi addımlar atılacaq. Ermənistan iqtidarı üçün yekun sülh müqaviləsinə getməkdən başqa yol yoxdur.

Çavuşoğlunun verdiyi ikinci mühüm mesaj isə Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin bərpası ilə bağlıdır. Rəsmi Ankara yaxşı anlayır ki, münasibətlərin normallaşmasına mane olmaq istəyən qüvvələr var. Ona görə də görüşlərin üçüncü ölkədə baş tutmasını istəmir. Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması ilə paralel olaraq Türkiyə ilə diplomatik münasibətlərin bərpası prosesi də davam edəcək. Yaxın günlərdə bu istiqamətdə növbəti hadisələrin, o cümlədən müxtəlif səviyyəli təmasların şahidi ola bilərik.
Əlbəttə, təmasların intensivləşməsi, əlaqələrin normallaşması prosesinin sürətlənməsi ilə əlaqədar olaraq təzyiqlərin artması, təxribatların olması da gözləniləndir. Buna baxmayaraq, Azərbaycan və Türkiyənin səyləri nəticəsində regionda yeni reallığın yaranması və reallığın yeni geosiyasi şərait vəd etdiyi şübhəsizdir.

Kənan Novruzov-siyasi ekspert
Xəbəri paylaş